14 mart 2019, 16:20

Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Teatr və konsert müəssisələri işçilərinin maaşlarının artırılması haqqında imzaladığınız Sərəncam taleyini bu sənətə bağlayan insanlara əsl bayram sevinci yaşatdi. Mədəniyyət xadimləri ilə görüşünüz, bu sahəyə böyük qayğınız bir daha göstərdi ki, Siz ulu öndərimiz Heydər Əliyevin sənətə olan yüksək münasibətinin layiqli davamçısısınız. Teatr işçilərinin vəzifə maaşlarının artırılması, o cümlədən teatrlara əlavə vəsaitin ayrılması üçün verdiyiniz göstəriş bu sahəyə üz tutan gənclərə daha böyük stimul verəcək, ömrünü səhnəyə həsr edən korifey sənətkarları teatra daha möhkəm tellərlə bağlayacaq.

Əlbəttə, biz də bu diqqət və qayğının məsuliyyətini yaxşı başa düşür, daha gözəl tamaşalar hazırlamağa, Sizin etimadınızı doğrultmağa özümüzü borclu bilirik. Eyni zamanda, böyük şəxsiyyətlərimizin yubiley tədbirlərinin keçirilməsi haqqında imzaladığınız sərəncamlar Sizin bu günümüzlə yanaşı, zəngin mədəni keçmişimizə nə qədər nümunəvi münasibət bəslədiyinizi bir daha sübut edir.

Hörmətli cənab Prezident, bütün bunlara görə Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının kollektivi adından Sizə minnətdarlığımızı bildirirəm. Hər bir azərbaycanlının lideri, hər bir həmvətənimizin Prezidenti olmaq nümunəsi bir daha təsdiqləyir ki, ölkəmizdə xalqla iqtidar birliyi günbəgün daha da möhkəmlənir.

Vətənimizin rifahı və xoşbəxtliyi yolunda apardığınız müdrik siyasətdə bol-bol uğurlar arzulayır, Sizi və ailənizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Tanrı Sizi və doğmalarınızı qorusun!

Hörmət və ehtiram hissi ilə,

Nemətov Azər Paşa

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,

Akademik Milli Dram Teatrının bədii direktoru,

Xalq artisti, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.