14 mart 2019, 13:10

Murad Adıgözəl-zadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

İncəsənətə daim qayğı ilə yanaşan müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasətinin uğurlu davamı olaraq incəsənətimizə və mədəniyyətimizə göstərdiyiniz diqqət nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilmişdir. Mədəniyyətimizə töhfə verəcək növbəti Sərəncamınız da bunun növbəti əyani sübutudur.

Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanımın apardığı məqsədyönlü, uğurlu fəaliyyətiniz, bütün dünyada əks-səda verən uzaqgörən siyasətiniz nəticəsində ölkənin aparıcı konsert təşkilatı olan Azərbaycan Dövlət Akademik Filarmoniyası dünya səviyyəsində tanınıb və şöhrət qazanıb.

Teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığınız Sərəncam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşlarına da şamil olunmuşdur. Əməkhaqlarının artırılması bütün əməkdaşlarımız tərəfindən böyük sevinclə qarşılanmışdır və bu, hər bir işçi üçün böyük stimul olacaqdır.

Bununla bağlı, Filarmoniyanın bütün əməkdaşları adından dərin iftixar hissi ilə bir daha Sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı və müstəqil Azərbaycan Respublikasının rifahı naminə uğurlar arzu edirik.

Dərin hörmət və ehtiramla,

Adıgözəl-zadə Murad,

Azərbaycan Respublikasının Xalq artisti, professor,

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.