İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib

27 fevral 2019, 21:44
İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.

Gürcüstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, xanım Prezident, Sizi və rəhbərlik etdiyiniz Gürcüstan nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Gürcüstanın Prezidenti vəzifəsinə seçildikdən sonra xanım Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də yaxşı nailiyyətlərimizin olduğunu vurğulayaraq dedi:

- Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir. Bu gün icra etdiyimiz irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Hazırda uğurla icra edilən bu layihənin dörd elementindən üçü – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələri başa çatdırılmışdır. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əlaqələrimizdə də çox mühüm rol oynayır.

Mən xüsusilə nəqliyyat sahəsindəki əməkdaşlığımızı qeyd etmək istərdim. 2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır.

Ölkələrimizin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayaraq dedi:

- Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir.

Prezident İlham Əliyev ölkələrimiz arasında sıx əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyini bildirərək dedi:

- Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün digər sahələrdə də - turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də yaxşı imkanlar və perspektivlər mövcuddur.

Hörmətli xanım Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram, Sizə cansağlığı, işlərinizdə uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

x x x

Gürcüstan Prezidenti xanım Salome Zurabişvili çıxış edərək dedi:

- Cənab Prezident.

Hörmətli qonaqlar.

İcazə verin, səmimi qəbulunuz və qonaqpərvərliyiniz üçün Sizə minnətdarlığımı bildirim. Sizin bu cür qəbulunuz bizim millətlərə xas olan qonaqpərvərliyin sübutudur. Bu, Qafqaz mədəniyyətinin əlaməti və dəyişməz ənənəsidir.

Bugünkü səfər bir daha Gürcüstan ilə Azərbaycan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərini nümayiş etdirir.

Azərbaycanın böyük tarixi şəxsiyyətini – Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir.

Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi.

Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir.

Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayaraq dedi:

- Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq.

Gürcüstan Prezidenti hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirdiklərini bildirərək dedi:

- Bizim ölkələrimiz Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər. Bu nəqliyyat dəhlizlərinə maraq gündən-günə artmaqdadır. Bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün bizim regionda sabitliyin və sülhün qorunub saxlanılması olduqca vacib məsələdir. Hamımıza daha çox investisiya, tərəfdaş, turist, bazarlar lazımdır, bütün bunların hamısı isə bizim sabitliyimizdən asılıdır.

Prezident Salome Zurabişvili Azərbaycan ilə Gürcüstanın mədəniyyət sahəsində də uğurla əməkdaşlıq etdiklərini vurğuladı. Ölkələrimizin sənaye sahəsində də sıx əməkdaşlıq etdiklərini bildirən Gürcüstan Prezidenti dedi:

- Unutmayaq ki, neft sənayesinin tarixi bizim regionun əmin-amanlıq tarixidir. Onu yeni üslubda oxumaq və dünya üçün təqdim etmək millətlərimizə ancaq xeyir gətirəcək və yalnız münaqişələr prizmasında görünən regionumuz haqqında səhv təsəvvürləri dəyişəcəkdir.

Mədəniyyət və iqtisadiyyat sahələrində çoxlu layihələr mövcuddur, onlar ölkələrimizi, xalqlarımızı, gənclərimizi daha yaxın edə bilər.

Prezident Salome Zurabişvili ölkələrimizin paytaxtları arasında da fəal mübadilələr aparıldığını qeyd edərək bildirdi:

- Sizin ölkənizin ənənəvi əl işləri sənətkarlarını, rəssamları, bəstəkarları, yazıçıları tanıtmaq, aktual məsələlər haqqında forumlar keçirmək lazımdır. Məsələn, ətraf mühitin qorunması. Çünki Qafqazın bioloji cəhətdən şaxələnmiş flora və faunasını qorumaq məhz bizim öhdəmizə düşür. Bunun üçün həm beynəlxalq təşkilatlarda, həm dünya konfranslarında fəal olmalıyıq. Gənclərin bu istiqamətdə məsuliyyətini artırmaq, yeni yanaşmaları tətbiq etmək çox səmərəli birləşdirici amilə çevrilə bilər.

Gürcüstan Prezidenti bildirdi ki, ölkələrimizdə yaşayan etnik gürcülər və azərbaycanlılar bizi daha da yaxın edirlər. Prezident Salome Zurabişvili ölkələrimizin bundan sonra da qarşıda duran vəzifələrin həlli üçün səylərinin birləşdirməsinin vacibliyini vurğulayaraq dedi:

- Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtdir. Dünya qarşısında onun nadirliyini qorumaq bizim borcumuzdur.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35