Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirinin açılışında İlham Əliyevin nitqi

23 sentyabr 2011, 11:10

- Hörmətli qonaqlar!

Sizi Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Çox şadam ki, bu çox mühüm tədbirdə iştirak etmək üçün ölkəmizdəsiniz. Siz Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illiyi ilə bağlı tədbirdə iştirak edirsiniz.

Biz bu il müstəqilliyimizin 20 illiyini qeyd edirik. Biz bu fürsətdən istifadə edərək 20 il ərzində baş vermiş hadisələri, müstəqil ölkə kimi inkişaf etmiş dövlətimizin tarixinə nəzər yetiririk. Biz ölkəmizin siyasi sistemini gücləndirmişik, iqtisadiyyatımızı inkişaf etdirmişik. Bir daha başlanğıca, əvvələ diqqət yetirdikdə biz söyləyə bilərik ki, o vaxt ölkəmizdə vəziyyət kifayət qədər mürəkkəb idi. Sovet İttifaqının süqutundan sonra müstəqilliyimizi bərpa etdik. Bunu xüsusi vurğulamaq istərdim. Çünki Azərbaycanda ilk demokratik respublika 1918-ci ildə yaradılmışdır. Bu respublikanın iki ildən az müddət ömrü olmuşdur. 1991-ci il müstəqilliyimizin bərpa edilməsi ili olmuşdur. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyət heç də müstəqillik uğrunda ideyalarımızın dəstəklənməsinə yönəlməmişdi. O zaman sənaye çox acınacaqlı vəziyyətdə idi. İqtisadi və siyasi durumumuz çox acınacaqlı idi. Bir məsələni də yada salaq ki, həm də Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu. Çoxsaylı qaçqın və məcburi köçkünlərimiz var idi. Müstəqilliyimizin ilk illərində ölkədə mürəkkəb proseslər cərəyan edirdi, vətəndaş müharibəsi baş vermişdi. Təsəvvür edin ki, müstəqilliyimiz nə qədər böyük sual altında idi. Bu səbəbdən vəziyyəti sabitləşdirmək, ölkəni müasir və demokratik dövlətə çevirmək üçün böyük səylər lazım idi, regional nüfuzumuz gücləndirilməli idi. Bu gün tariximizə nəzər salsaq görərik ki, biz bütün bu çətinliklərin və problemlərin öhdəsindən gələ bilmişik və Azərbaycan vətəndaşlarının qürur duya biləcəyi bir dövlət yaratmışıq.

Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. Qeyd etdiyim kimi o zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, əvvəlcə vətəndaş müharibəsi dayandırılmış, Ermənistanla atəşkəsin bərqərar olması ilə bağlı Saziş imzalanmışdır. Bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır. O zaman maliyyə imkanlarımız çox məhdud idi. Sənaye demək olar ki, mövcud deyildi. Neft sənayesi də tənəzzül içərisində idi. Bildiyiniz kimi, Azərbaycan dünyada sənaye üsulu ilə neft hasil edən ilk ölkə olmuşdur. Bildiyiniz kimi, İkinci Dünya müharibəsi zamanı sovet qoşunlarının yanacağa tələbatının 70 faizini məhz Azərbaycan təmin etmişdir. Faşizm üzərində Qələbənin təmin edilməsində Azərbaycanın müstəsna rolu olmuşdur. Qeyd etdiyim kimi müstəqilliyimizin ilk illərində neft sənayesi də çox dərin böhran içərisində idi.

O zaman biz təkcə ölkəmizin dövlətçiliyini müdafiə etmək üçün deyil, ölkəni yaratmaq üçün böyük səylər göstərməli idik. Strateji seçim ondan ibarət idi ki, Azərbaycanda demokratik dövlət yaradılmalı, demokratik təsisatlar gücləndirilməli, sağlam siyasi və iqtisadi vəziyyət yaradılmalı idi. İqtisadiyyatın liberallaşması istiqamətində də səylər göstərilməli idi ki, Azərbaycana xarici sərmayə cəlb edilə bilsin. Bu, çox uğurla baş verdi.

Ölkədə vətəndaş müharibəsi dayandırıldıqdan bir il sonra məhz burada, bu “Gülüstan” sarayında Azərbaycan üçün çox mühüm olan, “Əsrin müqaviləsi” adlandırılan Saziş imzalanmışdır. Bu, Azərbaycan üçün yeni imkanlar açmışdır. Bu müqavilə nəticəsində biz Azərbaycanı dünyaya təqdim etməyə başladıq. Çünki o zaman Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. O zaman erməni diasporunun səyləri nəticəsində ölkəmiz haqqında dünyada çox məhdud məlumatlar var idi. Bu Sazişin imzalanması ilə biz ölkəmizi dünyaya təqdim etməyə, təbliğ etməyə başladıq. Əvvəlcə Xəzər dənizi hövzəsinin karbohidrogen resursları beynəlxalq şirkətlər tərəfindən istismar olunmağa başlandı. Biz milyardlarla ölçülən sərməyə cəlb edə bildik və inkişafımızın təməli qoyuldu.

Tariximizin mühüm səhifəsi ondan ibarətdir ki, biz dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa başladıq. Biz həmin şirkətlərin təcrübəsindən, biliklərindən, texnologiyasından istifadə edərək iqtisadiyyatımızı gücləndirməyə başladıq. O zamandan bu günə kimi bizim ölkədə bir çox işlər görülmüşdür. Bizdə bütün sahələr üzrə mühüm irəliləyiş müşahidə olunur.

Regional baxımdan biz sabitləşdirici amil rolunu oynayırıq. Biz bir sıra mühüm siyasi və iqtisadi layihələrin təşəbbüskarı olmuşuq. Bu gün də bunu etməkdə davam edirik və bütün bu layihələr, təşəbbüslər uğurlu olmuşdur.

Ən böyük problemimiz təbii ki, Dağlıq Qarabağ münaqişəsidir. Bu, təkcə Azərbaycana deyil, bütün regiona olan bir təhlükədir, bir həmlədir. Bu gün həmin münaqişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan torpaqları işğal altındadır. Artıq bu, iki onillikdir ki, davam edir. Azərbaycanın beynəlxalq müstəvidə tanınan və tarixi torpağı olan Dağlıq Qarabağ, onun ətrafında yeddi rayon 20 ildir ki, işğal altındadır. Xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır və təəssüflər olsun ki, vəziyyət hələ də dəyişilməmişdir. Təbii ki, bu məsələ ilə bağlı olduqca güclü hüquqi baza vardır. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu da bildiyiniz kimi, ən yüksək səviyyədə qəbul olunan beynəlxalq qərarlardır. Bu qətnamələr işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin təəssüflər olsun ki, 20 ilə yaxın vaxt ötsə də bu qətnamələr yerinə yetirilmir. Azərbaycan xalqı haqlı olaraq sual verir: Nə üçün indiyə kimi bu qətnamələr yerinə yetirilmir?! Nə üçün bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi bir neçə saat ərzində tətbiq olunmağa başlayır, lakin Dağlıq Qarabağ məsələsinə gəldikdə, uzun illərdir bu qətnamələr öz icrasını tapmamışdır?! Bildiyiniz kimi, digər müxtəlif beynəlxalq təşkilatların – ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlığı Təşkilatının bir sıra qətnamələri vardır. Lakin təəssüflər olsun ki, bunlar yalnız kağız üzərində qalmışdır. Bu səbəbdən, bir daha qeyd etmək istərdim ki, bu ədalətsizlik təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyinə və təhlükəsizliyinə böyük həmlədir, təhlükədir. Bizim vətəndaşların öz torpaqlarına qayıtmaq hüquqları vardır. Milyondan artıq Azərbaycan vətəndaşının fundamental hüquqları təmin edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət, ölkələr tərəfindən dəstəklənmişdir.

Biz danışıqlarda maksimum dərəcədə konstruktiv mövqe nümayiş etdiririk. Lakin bunun müqabilində biz Ermənistanın destruktiv mövqeyi ilə üzləşirik. Biz belə bir qənaətə gəlirik ki, Ermənistan danışıqları maksimum dərəcədə uzatmaq niyyətindədir. Sonuncu görüşlərimiz də onu nümayiş etdirir ki, onların gündəliyində olan yeganə məsələ sülhün bərqərar olunmamasıdır. Status-kvonun saxlanması prosesi uzatmaq məqsədi daşıyır. Lakin mən qeyd etmək istərdim ki, status-kvo qəbuledilməz bir vəziyyətdir. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri də qeyd etmişlər ki, status-kvo vəziyyəti dəyişilməlidir. Bu da beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan rəhbərliyinin ünvanına güclü mesajdır. Biz də status-kvonun dəyişilməsinin tərəfdarıyıq. Biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik və bununla bağlı öhdəliklərimizi dəfələrlə qeyd etmişik. Ermənistan rəhbərliyindən fərqli olaraq biz bu danışıqlarda səmimi şəkildə iştirak edirik. Zənnimcə, bu halda Minsk qrupunun həmsədrləri daha güclü səylər göstərməli, daha fəal olmalıdırlar. Ermənistan hökuməti başa düşməlidir ki, XXI əsrdə bir dövlətin beynəlxalq müstəvidə tanınmış ərazisini işğal edən digər dövlət cəzasız qala bilməz.

Azərbaycanın 1990-cı illərdə güclü rəhbərliyi olsaydı, o zaman ölkə rəhbərliyində səriştəsiz insanlar olmasaydı, bu insanların geosiyasət, dövlətçilik və ölkənin idarə edilməsi ilə bağlı hər hansı bir səriştəsi olsaydı, biz bu gün belə bir vəziyyətdə olmazdıq. Ermənistan kimi zəif, iqtisadi cəhətdən çox acınacaqlı vəziyyətdə yaşayan ölkə heç bir halda bizim ölkənin bir qarış belə torpağını işğal edə bilməzdi. Biz bu vəziyyəti dəyişmək niyyətindəyik, buna istəyimiz vardır. Biz bunu sülh yolu etməyə çalışırıq və bu baxımdan beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların səyləri çox vacibdir.

Burada mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğum zaman bir yerdə çalışdığım həmkarları görürəm. Belə bir sual yaranır: Biz həqiqətən məsələni həll etmək istəyirik?! Gəlin bunu geniş şəkildə müzakirə edək. Gəlin Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında, Avropa Parlamentində geniş müzakirələr aparaq. Bu fürsətdən istifadə edərək, bizə göstərilən beynəlxalq dəstəyə görə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Yenə də qeyd etmək istərdim ki, biz elə bir həll yoluna çalışırıq ki, bütün etnik azlıqların hüquqları təmin edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin və biz mehribançılıq və sülh şəraitində yaşayaq. Azərbaycan çox tolerant və bir çox etnik azlıqların yaşadığı ölkədir. Burada müxtəlif dini təriqətlərin nümayəndələri də çox mehriban şəraitdə yaşayırlar. Bu günə qədər ölkəmizdə heç bir problem, hətta anlaşılmazlıq olmamışdır və biz bununla qürur duyuruq. Ona görə də bu gün biz Avropanın müsbət təcrübəsindən istifadə edilməsini təklif edirik. Avropada mövcud olan müsbət, çox uğurlu muxtariyyət təcrübəsi, modelləri təklif olunur. Hesab edirəm ki, Avropa ailəsində tətbiq olunmuş uğurlu muxtariyyət nümunələri burada da tətbiq oluna bilər. Biz çox gözəl anlayırıq ki, muxtariyyət nədir, özünüidarəetmə hüquqları nədir?! Mən əminəm ki, bu, məsələnin həlli üçün ən başlıca amillər olacaq və biz bu məsələnin həllinə nail olacağıq.

Azərbaycan iqtisadiyyatını inkişaf etdirməkdədir. Biz ümumi daxili məhsulun inkişafı baxımından ən yüksək göstəricilərə nail olmuşuq. İqtisadiyyatımız demək olar ki, 300 faiz artmışdır. Sənaye artımı eyni dərəcədə dinamik şəkildə inkişaf etmişdir. Biz ölkədə ən böyük problemləri həll etmişik. İşsizlik məsələsi demək olar ki, öz həllini tapmışdır. Ölkədə son 7 il ərzində 900 min yeni iş yeri açılmışdır. Daxili istehsal artmışdır. Biz bu gün ölkənin tələbatını daxili istehsal hesabına təmin edirik. Biz yoxsulluğun səviyyəsini çox ciddi şəkildə azaltmışıq. Son 7 il ərzində yoxsulluğun səviyyəsi 5 dəfə azaldılmışdır. Bu gün biz onu nümayiş etdiririk ki, iqtisadiyyatımız davamlı əsaslar üzərində qurulub. Dünyada baş vermiş siyasi və maliyyə böhranı zamanı Azərbaycan çox davamlı inkişaf nümayiş etdirmişdir. Biz bu il pensiyaları 40 faiz artırmışıq. Dövlətin dəstəyinə ehtiyacı olan əhaliyə yardım bundan sonra da davam edəcəkdir.

Ölkə iqtisadiyyatında özəl sektorun payı artıq 80 faizə çatmışdır. Beləliklə, liberal iqtisadi siyasət və siyasi islahatlar, ölkədə mövcud olan problemlərin həlli cəmiyyətdə çox münbit şərait yaratmışdır. Bizim cəmiyyətdə milli maraqlarla bağlı vahid mövqe vardır. Müstəqilliyimizin ilk illərində təbii ki, müəyyən məsələlər, problemlər var idi. Lakin o zaman strateji seçim edilmişdir ki, bizim ölkənin gələcəyi müasir dövlətin yaradılmasındadır. Ölkədə qanunun aliliyi təmin edilməlidir, dini azadlıq, media azadlığı olmalıdır. Bu gün əhalimizin 50 faizi internet istifadəçiləridir. Bu gün bizdə söz, mətbuat azadlığı vardır. Təbii ki, bu istiqamətdə yenə də islahatlar həyata keçirilməlidir. Biz institutları gücləndirməliyik və demokratiyanı inkişaf etdirməliyik. Lakin mən demək istərdim ki, bu son 20 il ərzində regionda olan mürəkkəb vəziyyəti nəzərə alsaq, biz edə biləcəklərimizi maksimum etmiş olduğumuzu söyləyə bilərik.

Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bu rəqəm bundan sonra da artacaqdır. Bilirsiniz ki, bizim ölkələr Sovet İttifaqının süqutundan sonra yaranmış dövlətlərdir. Təbii ki, qonşuluq məsələləri ilə bağlı müəyyən statistika böyük maraq doğurur. Lakin dəfələrlə ictimaiyyətə bildirilmişdir və mən şəxsən bunu bir neçə dəfə qeyd etmişəm ki, Azərbaycan müasir dövlətə çevrilib. Güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir. Dünya İqtisadi Forumunun rəyinə görə Azərbaycan rəqabətlilik baxımından dünyada 55-ci, MDB məkanında isə birinci yerdə olan dövlətdir. Bu da həyata keçirdiyimiz islahatların göstəricisidir. Bizim başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır. Biz Avropa institutları ilə bütün sahələr üzrə əməkdaşlığa müstəsna əhəmiyyət veririk. Mən çox şadam ki, bütün dünyadan olan, xüsusilə də Avropa parlamenti və Avropa Şurasından olan qonaqlarımız bu gün buradadır. Bu da onun göstəricisidir ki, bizim Avropa institutları ilə çox uğurlu əməkdaşlığımız vardır. Avropa institutları bizim ölkənin transformasiyasında mühüm rol oynamışdır. Bu, təkcə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı deyildir. Zənnimcə, biz son on il ərzində avropalı tərəfdaşlarımızdan bir çox yeniliklər öyrənmişik. Amma hesab edirəm ki, bu gün biz artıq qarşılıqlı şəkildə bir-birimizin həyatına töhfə veririk. Bir neçə gündən sonra Avropa İttifaqı ilə yeni bir sammitimiz olacaqdır. Avropa İttifaqı məkanında olan ölkələrlə ikitərəfli münasibətlərimiz çox gözəl səviyyədədir. Avropa İttifaqı ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Bizim müzakirə etdiyimiz məsələnin çox geniş gündəliyi vardır. Bu səbəbdən mən hesab edirəm ki, çox uğurlu iş həyata keçiririk. Növbəti bir neçə il ərzində münasibətlərimiz daha da güclənəcəkdir.

Biz ölkənin inkişaf meyarlarını Avropa dövlətlərinin standartlarına çatdırmağa çalışırıq. Zənnimcə, biz buna nail olacağıq. Eyni zamanda, biz Avropaya, belə demək olarsa, əliboş gəlmirik. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorçuluqla mübarizə, nəqliyyat məsələlərində bir çox işlər təklif edə bilərik. Ötən illər ərzində bir çox məsələləri müzakirə etmişik. Neft, qaz və yanacaqla bağlı məsələlər danışıqlarımızda başlıca rol oynayırdı. Bu gün isə mən çox şadam ki, biz getdikcə neft və qaz haqqında daha az danışırıq. Mən çox şadam ki, bu gün Azərbaycana təkcə enerji resurslarını nəql edə bilən tərəfdaş deyil, müasir bir ölkə kimi baxırlar. Etnik və dini tolerantlığın nümunəsi olan bir dövlət kimi baxırlar. Azərbaycan maariflənmiş, əhalisi gənc və turizm baxımından böyük potensiala malik olan bir dövlətə çevrilmişdir. Biz çox şadıq ki, neft kapitalını insan kapitalına çevirmişik. Biz “Hollandiya sindromu”nu artıq geridə qoymuşuq. Bir çox mütəxəssislər o zaman söyləyirdilər ki, Azərbaycan “Hollandiya sindromu”na tutulacaqdır. Zənginlər daha zəngin olacaq, yoxsullar isə bundan da yoxsul şəraitdə yaşayacaqlar. Biz isə sübut etdik ki, bu sindroma məruz qalmamaq olar.

Biz bir sıra aparıcı ölkələrin təcrübəsindən istifadə etdik. Bu gün neft və qaz əməliyyatları sahəsində bizim şəffaflığımız ən yüksək səviyyədədir. Azərbaycanın Dövlət Neft Fondu bu gün oxşar qurumlar arasında ən şəffaf qurumdur. Bu, mənim sözlərim deyil, bu, beynəlxalq təşkilatların qiymətləndirməsidir. Yoxsulluğun 49 faizdən 9 faizə endirilməsi onu sübut edir ki, Azərbaycanın neft və qaz ehtiyatlarından alınan gəlir bərabər şəkildə paylanılır. Bu gün biz zəngin və yoxsul təbəqə arasında fərqi azaltmağa müvəffəq olmuşuq. Zənnimcə, biz yoxsulluğun tamamilə aradan qaldırılmasına nail olacağıq.

Mən təbii ki, qeyd etdiyim kimi, neft və qaz haqqında çox danışmaq istəməzdim. Lakin qeyd etmək istəyirəm ki, bu, bizim mühüm, başlıca sərvətimizdir. Çünki 10 il bundan öncə Azərbaycan tamam başqa bir vəziyyətdə idi. Neft və qaz sərvətlərimiz iqtisadiyyatın inkişafına dəstək oldu. Həmin sərvətlər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə artan rol oynayacaqdır. Bir çox Avropa ölkələri ilə əlaqədə və bir çox Avropa ölkələrinin enerji istehlakında Azərbaycanın rolu artır. Bəzi ölkələr artıq 40 faiz Azərbaycan nefti və qazından yararlanır. Biz özümüzü güclü tərəfdaş kimi göstərmişik. Biz hər zaman tərəfdaşlığı və əməkdaşlığı gücləndirmək istiqamətində addımlar atmışıq. Biz öz sərvətlərimizdən sülh naminə istifadə etmişik. Biz bunun artıq bəhrəsini görürük. Enerji cəmiyyətində biz artıq güclü tərəfdaşıq, dost ölkəyik. Bu gün biz neft ixrac edən ölkədən qaz ixrac edən ölkəyə çevrilirik. Bizim enerji siyasətimiz öz bəhrəsini verəcəkdir. Bildiyiniz kimi, biz artıq çox böyük qaz yatağını aşkar etmişik. Bu, ölkəmizi bundan sonra yüz il təmin edəcəkdir. Bizim artıq yeddi kəmərimiz var ki, enerji daşıyıcıları müxtəlif istiqamətlərdə nəql olunur. Biz kəmərlərimizi xüsusilə dənizə çıxışı olmayan istehlakçılar istiqamətində uzatmaq niyyətindəyik. Bu da çox mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda artıq görülmüş işlər və təşəbbüslərimiz onu göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da güclənəcəkdir. Əməkdaşlığımız üçün çox güclü bazamız vardır.

Bildiyiniz kimi, cənab Barrozu - Avropa Komissiyasının prezidenti ölkəmizdə olmuş və “Cənub” qaz dəhlizi ilə bağlı müvafiq Saziş imzalanmışdır. Qeyd etmək istərdim ki, həmin sənəd bu sahədə imzalanmış bir neçə sazişdən biridir ki, Avropa ilə əməkdaşlıq sahəsində geniş imkanlar açacaqdır. Biz artıq bu Bəyannamənin icrasına başlamışıq. Təbii ki, bu, Saziş deyil, daha çox Bəyannamə xarakteri daşıyır. Lakin biz bu Bəyannamə çərçivəsində öz öhdəliklərimizin artıq icrasına başlamışıq.

Qeyd etdiyim kimi, Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri artıq yeni bir mərhələyə qədəm qoyur. Bu, qarşılıqlı səmərəli olan əməkdaşlıq əlaqələridir. Bu əlaqələr qarşılıqlı hörmət və ehtiram üzərində qurulmuşdur. Burada qarşılıqlı anlaşma, qarşılıqlı mənfəət və səmərəlilik də mühüm amillərdəndir. Qeyd etdiyim kimi, biz bundan sonra elə bir inkişaf yolu keçəcək, bizim ideyalar və Avropa tərəfdaşlarımızın ideyaları əsasında elə bir əməkdaşlıq yaradacağıq ki, bunun hansı formada həyata keçiriləcəyi ilə bağlı heç bir sual olmayacaqdır.

Biz, qeyd etdiyim kimi, 20 ildir müstəqilik. Biz tariximizlə, mədəniyyətimizlə qürur duyuruq. Bu gün müstəqil və azad xalq kimi yaşamağımız ən böyük qürurverici amildir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir. Bu, əsrlər boyu belə olmamışdır. Bu gün isə belə bir amil bizi çox sevindirir. Bu gün burada əyləşən Azərbaycan vətəndaşları bilir ki, bizim hamımız Azərbaycanın müstəqil olmadığı bir dövrdə yaşamışıq. Gənc nəsil hərdən keçmişlə bağlı söhbətləri eşidəndə o zamankı çətinlikləri, məhdudiyyətləri o qədər də dərk eləmir. O zaman biz heç xarici qonşu ölkələrə səfərlər edə bilmirdik. O zamankı sosialist qonşularımıza da qonaq gedə bilmirdik. O ki qaldı hər hansı qərarların qəbul edilməsinə, bu, o zaman mümkün olmamışdır. Mən çox şadam ki, bu gün gənc nəsil artıq bunu dərk edir. Bizim isə daha böyük təcrübəmiz vardır. Çünki biz o dövrdə yaşamışıq və həmin dövrün müsbət və mənfi cəhətlərinə yaxşı bələdik. Bu gün qeyd etmək istəyirik ki, bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızıdır. Bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir. Çunki əsrlər boyu Azərbaycan xalqı müstəqilliyindən məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək istəyirəm ki, müstəqilliyimiz ən böyük nailiyyətimizdir. Dövlətimiz bu gün müstəqil, dostcasına və proqnozlaşdırıla bilən bir siyasət yürüdür. Bu, bir daha onu sübut edir ki, Azərbaycan Avropa üçün inamlı və güclü tərəfdaş ola bilər. Bu gün Avropa strukturları, institutları ilə Azərbaycanın əlaqələri məhz bu amil üzərində qurulub və əminəm ki, bu, əlaqələrimizin inkişafının möhkəm təməli olacaqdır.

Bir daha, hörmətli dostlar, sizi ölkəmizdə salamlayıram! Dövlətimiz adından sizə təşəkkür edirəm ki, bu gün çox mötəbər tədbirə qatılmısınız. Bu günlərdə Azərbaycanda bir sıra beynəlxlaq tədbirlər, konfranslar, seminarlar keçirilir. Lakin bugünkü tədbir xüsusi əhəmiyyətə malikdir. Sizin bu gün Azərbaycana, Bakı şəhərinə səfəriniz, bu tədbirdə iştirakınız bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz bunu sizin dostluq və tərəfdaşlıq töhfəniz kimi qəbul edirik. Sizin bir çoxunuz ilk dəfə deyil ki, ölkəmizdəsiniz. Amma ölkəmizə ilk dəfə səfərə gələn qonaqları xüsusi salamlayıram. Ümid edirəm ki, siz təkcə müzakirələr aparmayacaqsınız, eyni zamanda, Azərbaycanın görməli yerləri ilə tanış olacaqsınlz.

Təşəkkür edirəm və konfransınıza uğurlar arzu edirəm.