20 fevral 2019, 14:00

Asif Əsgərlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasındakı fəaliyyətimə görə 2 fevral – Gənclər Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Siz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan gənclər siyasətini uğurla, yeni məzmun və formada davam etdirərək ölkəmizin gələcəyini etibar edə biləcəyimiz, müasir biliklərə yiyələnmiş təşəbbüskar, dünyada gedən prosesləri təhlil və analiz etmək qabiliyyətinə, milli dəyərlərə malik, vətənpərvər, fiziki və mənəvi cəhətdən sağlam, dövlətinin, dövlət başçısının ətrafında birləşmiş monolit bir qüvvə kimi formalaşdırmısınız.

Möhtərəm cənab Prezident, bu gün beynəlxalq və regional əhəmiyyətli idman tədbirləri Bakı şəhərində keçirilir və xarici dövlətlərdən gələn qonaqlar ölkəmizdə gənclər üçün yaradılan nadir imkanları yüksək qiymətləndirərək, həyata keçirilən siyasəti model kimi öz ölkələrində görmək arzusunu ifadə edirlər. Bütün bunlar bizlər üçün olduqca qürurverici məqamlardır.

Fəaliyyətimə göstərdiyiniz yüksək diqqətə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da dövlətimizə, xalqıma və onun inkişafına ləyaqətlə xidmət edəcəyəm.

Dərin hörmətlə,

Əsgərli Asif,

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.