19 fevral 2019, 18:30

Tahir Məmmədov və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan sosial siyasət, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər öz bəhrələrini verir və ictimaiyyət tərəfindən təqdir olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə işsiz insanların məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Siz həmişə şəhid ailələrinə böyük qayğı göstərir, onların problemlərinin həlli üçün hərtərəfli tədbirlər görürsünüz.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuların ailə üzlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə onlara 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi şəhid ailələrinə bəslənən böyük diqqətin və qayğının növbəti təzahürüdür.

Hörmətli cənab Prezident, Sizin Azərbaycanın bütün şəhər və rayonlarına göstərdiyiniz diqqət və qayğı, eyni zamanda, Masallı rayonunda da özünü büruzə verir. Masallı şəhərində Cümə məscidinin təmirinə və yenidən qurulmasına görə rayon sakinləri, o cümlədən din xadimləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Masallı Sənaye Məhəlləsinin, çəltik emalı müəssisəsinin yaradılması, habelə 25-dən çox yaşayış məntəqəsini birləşdirən yolların çəkilməsi Sizin rayonumuzun əhalisinə göstərdiyiniz diqqətin bariz nümunələridir. Rayonumuzda yaradılan yeni iş yerləri əhalimizin maddi rifah halının daha da yaxşılaşmasına gətirib çıxarıb. Azərbaycanın dinamik inkişafı üçün apardığınız siyasətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Cənab Prezident, Masallı sakinləri Sizin uzaqgörən daxili və xarici siyasətinizi ürəkdən bəyənirlər. Biz hər zaman Sizinləyik. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Tahir Sədi oğlu

Rufullayev Rövşən Rufulla oğlu

İbadov Əfsər Səfər oğlu

Məmmədov Nazim Şaban oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu.