12 fevral 2019, 16:40

Arzu Bayramovadan, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan.

Mənim atam ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid ailəsinin üzvləri olaraq bizə göstərilən qayğıya görə bu təşəkkür məktubunu Sizə yazmağı özümə borc bildim.

Ötən il yenidən Prezident seçildikdən sonra ilk Fərmanınız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı oldu. Bu, məni çox qürurlandırdı, çox sevindirdi. Bu gün atamın ruhu şaddır ki, onun uğrunda şəhid olduğu ölkədə övladı çox gözəl, firavan yaşayır. Ailəmiz adından və bütün şəhid ailələri adından Sizə dərin təşəkkürümü bildirirəm.

Atam şəhid olanda mən 8 aylıq körpə olmuşam, onu xatırlamıram. Lakin daim qürur hissi, fəxr duymuşam ki, atam torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İnanıram ki, atamın timsalında bütün şəhidlərimizin ruhu şaddır. Siz onların övladları, ailələri üçün yorulmadan çalışırsınız. Bu gün bir gənc olaraq mən Vətənimlə, Sizinlə qürur duyuram. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir və ölkəmiz daha da yüksək zirvələr fəth edəcəkdir.

Möhtərəm Prezident, Allahdan Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Bayramova Arzu Ramiz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.