İlqar Orucovdan, Bakı, Azərbaycan
12 fevral 2019, 16:00
Möhtərəm cənab Prezident.
Dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasındakı fəaliyyətimə görə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Siz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətini uğurla, yeni məzmun və formada davam etdirərək ölkəmizin gələcəyini etibar edə biləcəyimiz, müasir biliklərə yiyələnmiş təşəbbüskar, dünyada gedən prosesləri təhlil və analiz etmək qabiliyyətinə, milli dəyərlərə malik, vətənpərvər, fiziki və mənəvi cəhətdən sağlam, dövlətinin, dövlət başçısının ətrafında birləşmiş monolit bir qüvvə formalaşdırmısınız.
Möhtərəm cənab Prezident, dünyada gənclər sahəsində ən böyük tədbirlər Bakı şəhərində keçirilir və xarici dövlətlərdən gələn qonaqlar ölkəmizdə gənclər üçün yaradılan nadir imkanları yüksək qiymətləndirərək, həyata keçirilən siyasəti model kimi öz ölkələrində görmək arzusunu ifadə edirlər. Bütün bunlar olduqca qürurverici məqamlardır.
Fəaliyyətimə göstərdiyiniz yüksək diqqətə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da dövlətimə və xalqıma ləyaqətlə xidmət edəcəyəm.
Dərin hörmətlə,
Orucov İlqar Nəcibəddin oğlu,
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.