04 fevral 2019, 15:00

Şamxal Adıgözəlovdan, Bərdə, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Məcburi köçkün gənclər dövlətin hərtərəfli qayğısı altındadır.

Sizin ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq müasir Azərbaycan dövlətini dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəltməyiniz ölkə gəncləri kimi, biz məcburi köçkün gənclərin də Sizə olan məhəbbətini daha da artırıb.

Möhtərəm Prezident, fəaliyyətə başladığınız ilk gündən “Gəncliyə qayğı dövlətin gələcəyinə qayğıdır” prinsipini rəhbər tutaraq bu istiqamətdə bir sıra ardıcıl və düşünülmüş dövlət proqramlarını təsdiqləmisiniz. Həmin proqramların icrası nəticəsində gənclərimizin nəinki ölkə daxilində, eləcə də beynəlxalq aləmdə öz bacarıq və qabiliyyətlərini uğurla nümayiş etdirmələrinə hərtərəfli şərait yaradılıb. Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynayır, dövlətimizin idarə olunmasında yaxından iştirak edirlər.

Gənclərlə görüşünüzdə Dağlıq Qarabağ probleminə dair qəti və dəyişməz mövqeyinizi bir daha açıqladınız. Bu mövqeyiniz biz məcburi köçkün gəncləri də sevindirdi. Biz işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər zaman hazırıq. Məcburi köçkün gənclər qəti olaraq əmindirlər ki, tezliklə Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında zəfər bayrağımız Şuşada, Xankəndidə və işğaldan azad ediləcək bütün torpaqlarımızda dalğalanacaqdır.

Hörmətlə,

Adıgözəlov Şamxal Cəlil oğlu

Xankəndi şəhərindən məcburi köçkün,

Xəzər televiziyasının Qarabağ müxbiri.

Azərbaycan Respublikası, Bərdə rayonu.