19 yanvar 2019, 12:35

Ətlas Səfərova və başqalarından, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünya şöhrətli şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev şəhid ailələrinə həmişə xüsusi diqqət və qayğının göstərilməsini dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmiş, şəhid ailələrinə daim yaxından dəstək olmuşdur.

Siz bu xeyirxah və humanist siyasəti çox uğurla davam etdirir, Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün fəal və ildən-ilə güclənən siyasət həyata keçirirsiniz. Şəhid ailələrinin mənzillə, pensiya və müavinətlərlə təmin olunmaları daim diqqət mərkəzindədir. Eyni zamanda, hər bir şəhid ailəsinə Prezidentin aylıq təqaüdü verilir.

2018-ci il 19 aprel tarixli Fərmanınız isə Sizin şəhid ailələri ilə bağlı daha bir humanist addımınız, bizlərə olan daha bir böyük qayğınızdır. Həmin Fərmana əsasən bizim Ağdam rayonunda da şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir. Biz müraciət edərək artıq bu vəsaitləri çox rahat şəkildə almışıq.

Bu böyük qayğıya görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Çox sağ olun, cənab Prezident! Tanrı Sizi qorusun.

Ağdam rayonundan bir qrup şəhid ailəsi adından dərin hörmətlə,

Səfərova Ətlas İdris qızı

Məmmədova İpək Bəhram qızı

Cəfərova Məryam Əyyub qızı

Rəhimova Zəhra Tapdıq qızı

Rəhimov Bakir Allahyar oğlu (cəmi: 25 nəfər).

Azərbaycan Respublikası, Ağdam rayonu.