17 yanvar 2019, 13:50

Əlizamin Nəbiyevdən, Beyləqan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət, imzaladığınız fərman və sərəncamlar respublika əhalisinin mənafeyinə, həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.

Azərbaycanın kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçib. Kənd təsərrüfatının inkişafına, kənd sakinlərinin rifahının daha da yaxşılaşdırılmasına göstərdiyiniz qayğı, uğurla reallaşdırılan layihələr bizdə gələcəyə böyük ümid və əminlik yaradır.

Əməyimə verilən 1-ci dərəcəli “Əmək” ordenini ümumilikdə Beyləqan pambıqçılarına verilən yüksək qiymət kimi dəyərləndirirəm. Biz pambıqçılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildirir, xalqımızın xoşbəxt gələcəyi naminə ali dövlət fəaliyyətinizdə uğurlar arzulayır, Ulu Tanrıdan möhkəm cansağlığı diləyirik.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, bizə göstərdiyiniz diqqət və qayğıya əməli işlərimizlə cavab verəcək, bundan sonra da ətrafınızda sıx birləşərək, dövlətimizin inkişafı və iqtisadiyyatımızın möhkəmləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Hörmətlə,

Nəbiyev Əlizamin Mirzəli oğlu.

Azərbaycan Respublikası, Beyləqan rayonu.