15 yanvar 2019, 15:00

Loğman Müseyibovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fermer Vəliyev Fazil Adil oğlunun kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması bizi çox sevindirdi. Son illər Sizin respublikamızda aqrar sahənin inkişafına diqqət ayırmağınız, dövlət tərəfindən bizə edilən güzəştlər artıq öz bəhrəsini verməkdədir. Ölkəmizdə bu sahədə əldə olunan uğurlar, göstərilən qayğı və tətbiq edilən güzəştlər gələcəkdə daha böyük uğurlar qazanmağımıza dəstəkdir.

Hörmətli cənab Prezident, əmək adamlarına verilən qiymət bizi daha səylə çalışmağa sövq edir, torpaqdan səmərəli istifadə edərək bolluq yaratmaq üçün məsuliyyətimizi artırır.

Əməyimizə verdiyiniz yüksək qiymətə görə bütün fermerlərimiz adından Zati-alinizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə cansağlığı, Vətənimizin tərəqqisi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Müseyibov Loğman Cahid oğlu, fermer.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qazyan kəndi.