12 yanvar 2019, 12:15

Xəlil Zahirovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin 2018-ci ilin oktyabrında Astara rayonuna səfərinizi hər zaman xoş duyğularla xatırlayırıq. Səfəriniz zamanı dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olmağınız, Astara şəhərinə içməli suyun verilməsi mərasimində iştirakınız və ictimaiyyət nümayəndələri ilə görüşünüz bizə çox zəngin təəssürat bəxş etdi.

Elə həmin gün Pensərçay çayının rayon ərazisindən, o cümlədən bizim kənddən keçən hissəsinin sağ və sol sahillərində bərkitmə işlərinin aparılması üçün vəsait ayrılması barədə Sərəncam imzalamağınız bizi bir daha sevindirdi. Həmin vəsait hesabına qısa müddət ərzində sahilbərkitmə işləri görüldü və sakinlərin narahatlığı aradan qaldırıldı.

Əziz Prezidentimiz, qeyd etdiyim bütün bu sosialyönümlü işlər vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, problemlərinin həllinə xidmət edir. Siyaku kəndinin sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun.

Hörmətlə,

Zahirov Xəlil Sahib oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Siyaku kəndi.