10 yanvar 2019, 14:30

Əvəz Həsənovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Məcburi köçkünlər üçün inşa olunmuş yeni şəhərciyin istifadəyə verilməsi kimi əlamətdar hadisə yaddaşlarımızda hələ uzun müddət qalacaq. 2018-ci il dekabrın 24-də - öz ad gününüzdə məcburi köçkünlərə bəxş etdiyiniz sevinc dolu anlar bizi ömür boyu tərk etməyəcək.

Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlər üçün inşa olunmuş abad və hər cür şəraitə malik şəhərcik dövlətimizin və şəxsən Sizin yurd-yuvalarından didərgin düşmüş insanlara göstərdiyiniz qayğının daha bir parlaq təzahürüdür. Bütün Qubadlı ictimaiyyətinin və məcburi köçkünlərin fikrini ifadə edərək dövlətimizin başçısı kimi Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə ürəkdən “Çox sağ olun!” deyirik.

Məcburi köçkünlərlə keçirilən görüşdə Sizin Azərbaycanımızın dövlət müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı ifadə etdiyiniz dəyərli və qətiyyətli mövqeyiniz hamımızın ürəyincədir. Son dərəcə səmimi və sadə davranışınız qəlbimizdə dərin, silinməz izlər qoydu, öz rəhbərinə sevgi və məhəbbət hissini birə-on artırdı.

Cənab Prezident, dövlətimizin qüdrətlənməsi və xalqımızın tərəqqisi naminə ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Həsənov Əvəz,

Qubadlı Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.