08 yanvar 2019, 14:35

Asəf Quliyev və başqalarından, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan bu günə qədər çox böyük və əzəmətli inkişaf yolunu keçmişdir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və gərgin əməyi nəticəsində ölkəmiz qısa müddətdə dirçələrək inkişaf yoluna qədəm qoymuşdur. Cənab Prezident, Siz Ulu Öndərimizin varisi, layiqli davamçısı və bir lider kimi üzərinizə düşən böyük məsuliyyəti doğrultmaqla yanaşı, Azərbaycanın daha yüksək inkişafına nail oldunuz.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz 15 il ərzində respublikamızı sürətlə və hərtərəfli inkişaf etdirərək, bir çox ölkələrin əlli ildə qazana bilmədiyi uğurlara qısa vaxtda nail olaraq dövlətimizi inkişaf edən ölkələr sırasına çıxarmısınız.

Sizin rəhbərliyinizlə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafına güclü təkan vermişdir. Respublikamızda bu dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər insanların sosial rifahı istiqamətində böyük yüksəlişə səbəb olmuşdur. Bu yüksəliş bizim Qusar rayonumuzda da öz əksini tapmışdır. Buna misal olaraq rayonumuzda həyata keçirilmiş bir sıra infrastruktur layihələrini, “Şahdağ" Qış-Yay Turizm Kompleksini, Olimpiya İdman Kompleksini, rayon mərkəzi xəstəxanasını, "Qusar-1" kiçik su elektrik stansiyasını, yeni tikilmiş onlarla məktəbi, qaz, yol və su təchizatı layihələrini göstərmək olar.

Rayonumuzda gedən bu hərtərəfli inkişaf kəndimizdən də yan keçməmiş, son beş ildə yol və su təminatı sahələri üzrə bir neçə infrastruktur layihələr həyata keçirilmişdir. Bizim və ətraf kəndlərin əhalisinin sevincinə səbəb olan belə layihələrdən biri Köhnəxudat-Həzrə avtomobil yolunun 2018-ci ildə yenidən qurulmasıdır. Ötən əsrin 80-ci illərində salınmış, son vaxtlar sıradan çıxmış bu yol insanların mənzilbaşına rahat və vaxtında çatmalarına problemlər yaradırdı. Yolun yenidən tikilməsi kənd sakinlərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, bu yolun yenidən qurulmasına görə Yasab kənd sakinləri, o cümlədən ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Bütün qusarlılar Sizi çox sevirlər. Onlar bu sevgini aprel ayının 11-də keçirilən Prezident seçkilərində bir daha nümayiş etdirdilər.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı və Azərbaycanın daha da inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik. Allah Sizi qorusun.

Yasab kənd ziyalıları adından dərin hörmətlə,

Quliyev Asəf

Bədəlov İkraməddin

Hüseynov Rəcbil

Muradxanova Rahimə

Qayıbxanov İskəndər.

Azərbaycan Respublikası, Qusar rayonu.