07 yanvar 2019, 14:30

Kazım Xammədov və başqalarından, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dövlətimizin başçısı seçilməyinizdən ötən 15 il ərzində ölkədə həyata keçirilən möhtəşəm sosial-iqtisadi layihələrin əyani sübutunu Qusar rayonunun timsalında aydın görürük. Bu illər ərzində neçə-neçə sosialyönümlü obyektlər inşa olunub, yollar çəkilib, körpülər salınıb. Bu gün Qusar, sözün həqiqi mənasında, mühüm turizm mərkəzinə çevrilib. Bütün bunlara görə Sizə ürəkdən minnətdarlığımızı bildiririk.

Yollarımızla bağlı xüsusi razılığımızı ifadə etmək istəyirik. Çünki yol turizmin inkişafında mühüm amildir. Bu yaxınlarda Qusarın girişindən başlayaraq “Şahdağ” Qış-Yay Turizm Kompleksinədək uzanan 28 kilometrlik yol əsaslı şəkildə yenidən quruldu, genişləndirildi və asfaltlandı. Bununla “Şahdağ” turizm mərkəzinə gələn qonaqlarla bərabər, bu ərazidə yaşayan insanların da rahatlığı təmin olundu. Qusara turist axını biz kənd adamları üçün də əhəmiyyətlidir.

Abad kəndlər oraya aparan yollarından bilinir. İndi yolumuz da var, körpümüz də, məktəblərimiz də, qazımız və suyumuz da. Bu rahatlığa görə Sizə təşəkkürümüzü bildiririk.

Fürsətdən istifadə edərək, Sizi ad gününüz, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edir, möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirik.

Qusar rayonunun Xuray, Yuxarı Ləgər və Suvacal kəndlərinin sakinləri adından dərin hörmətlə,

Xammədov Kazım Məhsim oğlu

Orucov Bəhlul Zülfüqar oğlu

Quliyev Cəmil Kənan oğlu

Ağamuradov Yüzigar Binyaməddin oğlu

Ağaşirinov Firuz Musa oğlu.

Azərbaycan Respublikası, Qusar rayonu.