İlham Əliyev Suriyanın neft və mineral ehtiyatlar nazirini qəbul etmişdir

29 iyun 2010, 10:11

Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkəmizdə Suriya-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı əmin olduğunu bildirmişdir ki, bu tədbir ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacaqdır. Belə iclasların keçirilməsini ölkələrimiz arasında əlaqələrin inkişaf göstəricisi kimi qiymətləndirən Prezident İlham Əliyev iqtisadi sahədə yaxın zamanlarda praktiki nəticələrin əldə ediləcəyinə əmin olduğunu bildirmişdir. Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana rəsmi səfərini xatırlayan dövlətimizin başçısı hökumətlərarası komissiyasının yaradılmasını həmin səfərin uğurlu nəticələrindən biri kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev ölkəmizin Suriya ilə əlaqələrin çoxşaxəli olmasında, eləcə də siyasi, iqtisadi sahələrdə tərəfdaşlığımızın daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulamışdır.

Sufyan Alao Suriya Prezidenti Bəşşar əl-Əsədin və Suriya xalqının salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmışdır. Qonaq rəhbərlik etdiyi nümayəndə heyətinin Suriya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının birinci günündə Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını onlar üçün böyük şərəf olduğunu bildirmişdir. O qeyd etmişdir ki, dost və qardaş Suriya ilə Azərbaycanın əlaqələrinin möhkəmlənməsi ölkələrimiz arasında olan hörmətin təzahürüdür.

Prezident İlham Əliyev Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Suriya Prezidentinə çatdırmağı xahiş etmişdir.