17 dekabr 2018, 14:00

Vəliyyət İsmayılovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Övladı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş bir ailə kimi Sizə, ilk növbədə, ona görə minnətdarıq ki, Azərbaycan Ordusunu xeyli gücləndirmisiniz, onu dünyanın ən güclü orduları sırasına çıxarmısınız. Şəhidlərimizin ruhu da sevinir ki, bu gün Azərbaycanın qüdrətli ordusu var. Biz həm də Sizin şəhid ailələrinə qayğı ilə yanaşmağınıza görə sevinir və bizə dəstək olmağınızdan həmişə qəlbən qürur hissi keçiririk.

Bir neçə gün əvvəl mən bir şəhid atası kimi 11 min manat məbləğində birdəfəlik ödəmə aldım. Bu vəsait bizim kimi minlərlə şəhid ailəsinə də verilir.

Böyük köməyinizə, şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşdığınıza görə Sizə minnətdarıq. Təşəkkür edirik ki, belə xeyirxah, humanist addımlar atırsınız. Qarşıdakı dövrdə də Azərbaycanı dünyada ən sürətlə inkişaf edən bir ölkəyə çevirmək istiqamətində fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram. Allah köməyiniz olsun.

Hörmətlə,

İsmayılov Vəliyyət Əli oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.