14 dekabr 2018, 14:30

Nəbi Babacanov və başqalarından, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər kəs yaxşı bilir ki, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması Sizin siyasətinizin təməl prinsipləridir. Siz XXI əsrdə müstəqil Azərbaycan siyasətində yeni istiqamətlər açan, xalqa doğru yolu göstərən görkəmli dövlət xadimisiniz. Böyük sürətlə yeniləşən Bakı şəhəri, yüksək templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqincə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Respublikamızda həyata keçirilən böyük abadlıq-quruculuq işləri rayonumuzun və onun kəndlərinin gündən-günə abadlaşan simasında da özünü göstərir.

Hörmətli cənab Prezident, yaşadığımız Orta Salahlı kəndinin sakinlərinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə Sizin Sərəncamınızla 2013-2017-ci illərdə 3 ədəd, cari ildə isə 2 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. İndi bu subartezian quyuları vasitəsilə yüz hektarlarla torpaq sahəsi suvarılır. Bu sərəncamlar əkib-becərmək, qurub-yaratmaq eşqində olan insanlarımıza yeni ruh bəxş edib.

Hörmətli cənab Prezident, Qazax rayonunda görülən işlərə görə rayon sakinləri adından Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Biz qazaxlılar Sizi dəstəkləyirik və həmişə Sizinləyik.

Hörmətlə,

Babacanov Nəbi

Niyazəliyev Vidadi

Nəsibov Ramin

Nazarov Bəhram

Məmmədov Afiq və başqaları (cəmi: 19 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu, Orta Salahlı kəndi.