07 dekabr 2018, 09:30

Tural Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətənimizin hər bir guşəsini gəzmək, hər daşının, hər abidəsinin tarixini bilmək, müasir həyatını görmək və gələcəyini gözlərimiz önündə canlandıra bilmək mənim ən ümdə arzularımdan biri idi. Sevindirici haldır ki, mən bu arzumun müəyyən hissəsinə Sizin tapşırığınıza əsasən orta məktəb şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində çata bildim. Builki tur-aksiyanın iştirakçısı kimi mən Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına ekskursiya etdim, bu səfərdən xoş və yaddaqalan xatirələrlə qayıtdım.

Əziz Prezidentimiz, biz məktəblilər üçün yaratdığınız bu şəraitə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu möhtəşəm tur-aksiyadan sonra qəlbimdə digər bir arzum da yarandı. Belə ki, məcburi köçkün ailəsində doğulduğumdan mən gələcəkdə belə layihələrin işğal azad olunacaq ərazilərimizdə həyata keçirilməsini və bu səfərdən qazandığım dostları həmin yerlərdə qonaq etməyi arzulayıram. Əminəm ki, bu arzum Sizin bizlərə olan diqqət və qayğınız, ölkəmizin rifahı naminə yorulmadan yürütdüyünüz uğurlu siyasətiniz nəticəsində tezliklə reallaşacaq. Çox sağ olun, hörmətli cənab Prezident!

Hörmətlə,

Qasımov Tural Əsgər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.