06 dekabr 2018, 11:00

Rəcəb Balayevdən, Balakən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Qarabağ müharibəsi veteranı kimi mənə göstərilən diqqət və qayğıdan razılığımı bildirmək istəyirəm. Bu gün ölkəmizdə Qarabağ müharibəsi veteranları və əlillərinin, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün çox mühüm işlər görülür. Özünüməşğulluq proqramında iştirak etmək istəyən vətəndaşlar arasında bu kateqoriyadan olan insanlara üstünlük verilməsi bizi sevindirir.

Mən arıçılıq üzrə təsərrüfat yaratmaq istəyirdim. Lakin buna maddi imkanım yox idi. Bu il özünüməşğulluq proqramından faydalanmaq üçün müraciət etdim və məni çox asanlıqla qeydiyyata aldılar. Mənə böyük kömək göstərildi və təsərrüfat qurmaq üçün nə lazım idisə, hamısını gətirib evimdə verdilər. Mən və bütün ailəmiz çox sevinirik ki, indi yaxşı bir təsərrüfat qurmuşuq. Bu yerlərin təbiəti imkan verir ki, böyük miqdarda bal əldə edək və təsərrüfatımızı ildən-ilə genişləndirək.

Cənab Prezident, hər bir vətəndaşa qayğı ilə yanaşdığınıza və ailəmizə belə böyük dəstək göstərildiyinə görə Sizə minnətdaram. Tanrı Sizi qorusun.

Hörmətlə,

Balayev Rəcəb Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Balakən rayonu.