19 oktyabr 2018, 17:00

Bahar Abbasova və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

“El atası” ifadəsini tam mənası ilə əməllərində doğruldan Ulu Öndərimizin layiqli övladı, layiqli davamçısı, xalqının güvənc yeri İlham Əliyev.

Ağcabədi rayon Salmanbəyli kənd camaatının Sizə ünvanlanmış, kəndimizdə yeni məktəbin tikintisi ilə bağlı xahişinə tez bir zamanda münasibət bildirdiyinizə, diqqət ayırdığınıza görə kəndimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, aldığımız xəbərdən aşıb-daşan sevincimizi Sizə çatdırmaq üçün sözün ecazkar gücündən tamlığı ilə istifadə etməkdə gücsüzük. Ağbirçək nənələrin, ağsaqqal babalarımızın xeyir-duası, dilsiz körpələrimizin çiçək çöhrələrindəki pak təbəssümü Sizin olsun.

Hörmətli cənab Prezident, Salmanbəyli kənd tam orta məktəbi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əlfi Məmmədovun adını daşıyır. Vətən deyəndə ilk yada düşən, ulularımızın bizə əmanəti olan torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullardır.

Şəhidlərə diqqəti, qayğını birbaşa Vətənə diqqət, vətəndaşa qayğı kimi qiymətləndirən Salmanbəyli kənd camaatı, o cümlədən şəhid Əlfi Məmmədovun ailəsi adından Qarabağ şəhidlərinin və Qarabağ əlillərinin varislərinə birdəfəlik sığortanın ödənilməsi barədə imzaladığınız Fərmanınızın icrasının bizə verdiyi mənəvi gücə, dəstəyə, məhz Sizin rəhbəri olduğunuz ölkənin vətəndaşı olduğumuza üçün fəxr etdiyimiz, qürur hissi duyduğumuz bir zamanda məktəbin yenidən tikilməsi, çağdaş irsimizin tərəfinizdən dəstəklənməsi xəbərinin sakinlərimizə bəxş etdiyi inama, mənəvi gücə, hədsiz sevincə görə Sizə və Sizin şəxsinizdə Azərbaycan dövlətinə minnətdarlığımızı, sonsuz təşəkkürümüzü bildiririk.

Hörmətli İlham Əliyev, Sizin atalıq qayğınıza cavab olaraq Salmanbəyli kənd camaatı, o cümlədən Salmanbəyli kənd tam orta məktəbinin rəhbərliyi və müəllim kollektivi adından söz veririk ki, təhsil ocağımızda hərtərəfli inkişaf etmiş vətəndaşlar yetişdirəcəyik. Bu, bizim qədirbilən Prezidentimizin öz fəaliyyəti ilə ölkəmizin əzəmətini bütün dünyaya sübut edən, məmləkətimizi dünya səviyyəsində tanıdan uğurlarına kiçik bir töhfəmiz olar.

Hörmətli cənab Prezident, Azərbaycan xalqı adından Sizə həmişəyaşarlıq arzulayır, gələcək fəaliyyətinizi, uğurlarınızı arzuların şahı olan “sağ can”, “sağlam ruh” izləsin deyirik.

Ağcabədi rayon Salmanbəyli kənd ictimaiyyəti, o cümlədən Əlfi

Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi adından hörmətlə,

Abbasova Bahar İsmayıl qızı

Məmmədova Səkinə Ramazan qızı

Bədəlova Şəhanə Mürşüd qızı

Məmmədova Dilşad Həbib qızı

Məmmədov Cəlil Hüseyn oğlu

Əliyev Fuad Süleyman oğlu və başqaları (cəmi: 1039 imza).

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.