15 oktyabr 2018, 17:40

Hacı Kamilzadədən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

2018-ci il Lahıc qəsəbə sakinləri üçün çox əlamətdar il oldu. Sizin 2017-ci ildə verdiyiniz sərəncamlar əsasında Dəmirçi-Lahıc yolu çəkildi, illərlə yerli əhalinin arzuladığı qazlaşdırma həyata keçdi və bu il 130 illiyini qeydə edəcək Lahıc məktəbi üçün 400 yerlik yeni məktəb binası tikildi. Görülən işlər əhali üçün nə qədər sevincli olsa da, Sizin Mehriban xanımla birgə həmin obyektlərin açılışı məqsədilə Lahıc qəsəbəsinə gəlişiniz ikiqat sevincə səbəb oldu. Lahıclılar həmin günü – avqustun 26-nı uzun illər böyük minnətdarlıqla xatırlayacaqlar.

Siz Lahıc qəsəbəsində olarkən ağsaqqallarla söhbətinizdə daha hansı işlərin görülə biləcəyini soruşduqda, yaxında yerləşən şəlaləyə yol çəkilməsi haqqında xahişə göstərdiyiniz diqqət insanların ən kiçik istəyinə belə verdiyiniz dəyəri əks etdirir. Bundan əlavə, bu yaxınlarda Lahıc qəsəbə əhalisinə bir mikroavtobus və Lahıcın küçələrində hərəkət etmək üçün iki faytonun Sizin tərəfinizdən hədiyyə edilməsi də biz lahıclıları çox sevindirdi. Bütün bu görülən işlər Lahıc qəsəbəsinə və burada yaşayan insanlara göstərdiyiniz qayğının nəticəsidir. Odur ki, bu minnətdarlıqla dolu müraciəti Sizə ünvanladıq.

Cənab Prezident, bir daha Sizə Lahıc qəsəbəsinin və bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsi üçün gördüyünüz xeyirxah işlərə görə təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, bundan sonra da xalqımızın xoşbəxt gələcəyi naminə ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasi xəttin təcəssümü olan fəaliyyətiniz davam edəcək.

Qoy, Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Lahıc ağsaqqalları adından

Kamilzadə Hacı Hüseynağa

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi