15 sentyabr 2018, 17:00

Ülvi Zeynalovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz məqsədyönlü daxili və xarici siyasət sayəsində ölkəmiz gündən-günə qüdrətlənir və gözəlləşir. Azərbaycanımızda müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf bizim Qazax rayonundan da yan keçməyib.

Cənab Prezident, Sizin siyasətinizin əsasını təşkil edən vətəndaş amili son illər tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda da ön plana çəkilib, vətəndaşlara göstərilən diqqət və qayğı ən yüksək səviyyəyə qalxıb. Son illərdə əsaslı şəkildə yenidən qurulan Qazaxımız gündən-günə öz görkəmini dəyişərək gözəlləşir, daha yaraşıqlı və abad diyara çevrilir, insanların həyat şəraiti yaxşılaşır. O cümlədən kəndlərdə də gözəl işlər görülür, insanları narahat edən problemlər aradan qaldırılır. Sizin böyük diqqət ayırdığınız şəhər və kəndlərarası avtomobil yollarının yenidən qurulması əhalinin işini daha da asanlaşdırır. Bütün bunlara görə Sizə minnətdaram.

Heç şübhəsiz, Qazax sakinləri də hər zaman dövlətə sadiqliyi ilə seçiliblər. Ölkəmizdə hökm sürən sabitliyə, əmin-amanlığa, quruculuq işlərinə, xarici siyasətdə qazanılan uğurlarımıza kölgə salmaq istəyən bəzi qüvvələr məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. Bu cəhdlərin hər dəfə puç olması dövlətimizin gücündən, qüdrətində xəbər verir. İyun ayında Gəncədə baş verən hadisələr bunu bir daha sübut etdi. Biz bu hadisələri qətiyyətlə pisləyir, dövlətçiliyimizi hər zaman dəstəkləyirik. Allah Sizi qorusun.

Hörmətlə,

Zeynalov Ülvi Ceyhun oğlu. 

Azərbaycan Respublikası, Qazax rayonu