12 sentyabr 2018, 17:20

Əhmədağa Muradov və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızda qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün həyata keçirdiyiniz genişmiqyaslı tədbirlər ölkənin bütün vətəndaşları kimi, Cəlilabad rayon ictimaiyyəti tərəfindən də razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Sizin diqqət və qayğınız sayəsində rayonumuz dinamik inkişaf edir, abadlıq-quruculuq və tikinti işləri geniş vüsət alır, elektrik, qaz və su təsərrüfatı yenidən qurulur, rayonun kəndlərinə asfalt yollar çəkilir.

Sizin qarşıya qoyduğunuz vəzifələri böyük həvəslə və xoş ovqatla yerinə yetirdiyimiz bir vaxtda Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması barədə Sərəncamınız bizə, sözün əsl mənasında, hədsiz sevinc bəxş etdi. Bu yolun tikilməsi əhalini uzun müddətdən bəri narahat edən problemin aradan qaldırılmasına, nəqliyyat vasitələrinin rahat hərəkətinə kömək edəcək. Qısa müddətdə tapşırığınızın icrasına başlanması bölgənin əhalisi tərəfindən hədsiz sevinc və razılıqla qarşılandı, Sizə olan sonsuz məhəbbət hissini daha da gücləndirdi.

Hörmətli cənab Prezident, göstərdiyiniz bu diqqət və qayğınıza görə bir daha Sizə minnətdarlığımızı bildirir, dərin ehtiramımızı və ən xoş arzularımızı çatdırır, Allahdan uzun ömür və möhkəm cansağlığı diləyirik.

Hörmətlə,

Muradov Əhmədağa Posı oğlu

Yusubov Kamal Ramazan oğlu

Zvezdelina Tatyana İsayevna

Ağayev Yadulla İbad oğlu

Tahirova Zərnişan Vilayət qızı və başqaları.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Privolnoye kəndi.