İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

29 avqust 2018, 10:00
İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev  Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.

Səfir Zurab Pataradze fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zurab Pataradze etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal layihələrin təkcə bölgə üçün deyil, daha geniş məkanda böyük önəm daşıdığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək, səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Zurab Pataradze qeyd etdi ki, o, dost Azərbaycana səfir vəzifəsinə təyin olunmasından şərəf hissi duyur. Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze iki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Səfir fəaliyyəti dövründə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo