21 avqust 2018, 11:00

Mayıl Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Avqustun 15-də Azərbaycan opera sənətinin korifey ifaçılarından olan Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi barədə imzaladığınız Sərəncam bütün Gülxarsevərləri, onu yaxından tanıyan sənət adamlarını, sənətkarın ailə üzvlərini və qohumlarını çox sevindirdi. Bundan sonsuz sevinc hissi duyur və Sizə dərin minnətdarlığımızı bildiririk.

Siz bu Sərəncamınızla Azərbaycan səhnəsinin unudulmaz Ərəbzəngisinə sanki yeni sənətkar ömrü bəxş etdiniz, ona əbədiyaşarlıq verdiniz. Ağadadaş Qurbanov, Hamlet Qurbanov kimi böyük aktyorlar ailəsini təmsil edən Gülxar xanımın sənətini ulu öndər Heydər Əliyev də daim yüksək qiymətləndirirdi. Sizə çox minnətdarıq ki, Ümummilli Liderimizin gözəl ənənələrini yaşadır, Azərbaycan mədəniyyətinə daim böyük qayğı göstərir, Gülxar xanım kimi əsl sənətkarları unudulmağa qoymur, onların irsinin yaşadılmasına və davam etdirilməsinə şərait yaradırsınız.

Möhtərəm Prezidentimiz, Azərbaycan mədəniyyətinə, xüsusilə xalqımızın zəngin opera və muğam sənətinə göstərdiyiniz qayğı və diqqətə, böyük dəstəyə görə Sizə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya bir daha dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Gülxar Həsənovanın ailə üzvləri adından dərin hörmətlə,

Əliyev Mayıl, Nizami Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.