13 avqust 2018, 19:00

Tahir Niftəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rayonumuza hər səfəriniz bir Pirallahı sakini kimi məni həmişə sevindirir. Uzun müddət baxımsız qalmış rayonumuza hazırda göstərilən bu diqqət və qayğı Sizin rəhbərliyinizlə Azərbaycanımızın xoş gələcəyindən xəbər verir. Rayonun içməli su ilə təminatı, yolların yenidən qurulması, əczaçılıq zavodlarının və balıqyetişdirmə kompleksinin inşası, sakinlər üçün dövlət hesabına yaşayış massivinin salınması, nəhayət, bu günlərdə rayon mərkəzində məcburi köçkünlər üçün binaların tikintisinə başlanılması müstəqilliyimizin, ölkəmizdə hökm sürən əmin-amanlığın daimiliyinə ümidlərimizi daha da artırır. Bu layihələrin reallaşması sakinlərimizin sağlam və firavan yaşamaları ilə yanaşı, onların məşğulluğunun təmin olunmasına və maddi-rifah halının daha da yüksəlməsinə xidmət edir.

Cənab Prezident, bütün bu işlərə görə ailəmiz adından Sizə təşəkkürümü bildirir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın tərəqqisi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı Sizi qorusun.

Hörmətlə,

Niftəliyev Tahir Kərim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.