11 avqust 2018, 15:00

Vəfa Əmiraslanovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

1993-cü ildə Kəlbəcərin işğalı zamanı hər iki valideynimi itirmişəm. Mənim atam Kəlbəcərdə sayılıb-seçilən ziyalılardan olub. O, həm də Böyük Vətən müharibəsi əlili idi. Atam dünyasını dəyişənədək ulu öndərimiz Heydər Əliyevin şəklini ürəyinin başında saxlayırdı. O, 4 qardaşıma və mənə, bütün ailə üzvlərimizə deyirdi ki, Heydər Əliyev kimi dahi bir də dünyaya gəlməz. O, Ulu Öndəri canından artıq sevirdi. Bizdən də bu yolun davamçısı olmağımızı istəyirdi.

Cənab Prezident, mən də bu yolun davamçısıyam. Mən Gəncədə inşa edilmiş yeni məcburi köçkün qəsəbəsində məskunlaşmış kəlbəcərlilər adından, o cümlədən ailə üzvlərim adından bildirmək istəyirəm ki, Sizi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı daim dəstəkləyirik.

Möhtərəm cənab Prezident, mən Sizi əlçatmaz zirvəyə bənzədirəm. Siz bizim düşünən beynimiz, döyünən ürəyimizsiniz. Bu gün bəzi mənfurlar təxribat törədərək Sizin siyasətinizə xələl gətirmək istəyirlər. Lakin onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki Sizin arxanızda Azərbaycan xalqı dayanıb və biz Sizin siyasətinizi dəstəkləyirik. Siz xalqımızın ümid yerisiniz. Allah Sizi və ailə üzvlərinizi qorusun.

Hörmətlə,

Əmiraslanova Vəfa Əmiraslan qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni məcburi köçkün qəsəbəsi.