10 avqust 2018, 18:50

Rəhman Nuğayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün ailəmiz Sizin siyasətinizi daim dəstəkləyir və bununla fəxr edir, qürur duyur. Xoşbəxt bir məmləkətin vətəndaşı kimi bugünkü firavan həyatımıza, daxili sabitliyimizə görə Sizə minnətdarıq. Biz həmişə Allaha şükür edirik ki, xalqımıza, ölkəmizə, doğma Azərbaycanımıza ulu öndər Heydər Əliyevi, onun layiqli varisi kimi Sizi bəxş etmişdir.

May ayının sonlarında xəstə olan yaxınımızı Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparmışdıq. Mən özüm 1979-1981-ci illərdə Xırdalanda yerləşən texnikumda təhsil almışam. Həmin dövrdəki Xırdalanla bugünkü Xırdalan şəhərini müqayisə etmək çox çətindir. Mən Xırdalanı tanıya bilmədim. Şəhərdə olan inkişaf, abadlıq, bütün sosial məsələlərin həlli adamı valeh edir, insanı fərəhləndirir, sevindirir. Sizin və Mehriban xanım Əliyevanın gecə-gündüz çəkdiyiniz əziyyətləri görməmək, qiymətləndirməmək nankorluqdur, xəyanətdir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında xəstəmizi çox yaxşı qarşıladılar, onu təcili olaraq stasionar müalicəyə qəbul etdilər. Həkimlər, tibb işçiləri tərəfindən xəstəmizə hər cür tibbi yardım göstərildi və o, əməliyyat edildi. Dünyaya gələn körpənin və onun anasının sağlamlıq durumu ilə bağlı heç bir problem olmadı.

Azərbaycan səhiyyəsinin inkişafı, xalqın sağlamlığının qorunması üçün göstərdiyiniz misilsiz xidmətlər sayəsində ölkəmizin bütün tibb müəssisələrində olduğu kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasında da çox yüksək şərait yaradılıb.

Hörmətli cənab Prezidentimiz, Tanrı Sizi və ailənizi qorusun. Siz xalqımızın inam, etibar xəzinəsisiniz. Sizinlə birlikdə gələcəyimiz daha da xoşbəxt olacaqdır. Biz buna tam əminik.

Dərin hörmətlə,

Nuğayev Rəhman Surxay oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.