20 iyul 2018, 19:00

Qəzənfər Əhmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

1998-ci ildə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) fəaliyyəti dövründə minlərlə hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, yerli sakinlər və icra strukturlarının istifadəsinə verilib.

Hazırda həmin ərazilərdə kənd təsərrüfatı və sənaye obyektləri tikilib, qəsəbələr salınıb. Bu da son illərdə əhali arasında minalardan xəsarət alanların olmamasını təmin edib. Eyni zamanda, minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiyasını təmin etmək və maddi rifahını yüksəltmək məqsədilə bir sıra layihələr həyata keçirilir. Agentliyin nəzdində humanitar minatəmizləmə üzrə beynəlxalq təlim mərkəzi fəaliyyət göstərir. Son illərdə bu mərkəzdə müxtəlif ölkələrin nümayəndələrinə təlimlər keçirilir. Bu gün də regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq müxtəlif bölgələrdə minatəmizləmə fəaliyyəti davam etdirilir.

Minatəmizləmə sahəsində beynəlxalq mütəxəssislərin rəyinə və aparıcı ekspertlərin dəyərləndirilməsinə görə, rəhbərlik etdiyim qurum bütün zəruri texnika və maliyyə infrastrukturuna malik, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən agentliklərdən biridir.

Agentliyin iş tempinin dayanıqlı olması və mina təhlükəsi ilə mübarizə proqramının gələcək inkişafı və hazırda səmərəli işləməsinə əsas səbəb ölkəmizdəki iqtisadi inkişafın yüksək səviyyədə olması, bu sahəyə Sizin daimi diqqət və qayğınızdır. Bütün bunlar Sizin uzaqgörən siyasətinizin və dünyada gedən proseslərə strateji yanaşmanızın bariz sübutudur.

Möhtərəm cənab Prezident, icazə verin, rəhbərlik etdiyim Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) kollektivi adından qurumun əməkdaşlarını müxtəlif dövlət təltiflərinə layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirir, çoxşaxəli və məsuliyyətli vəzifənizdə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram.

Böyük şərəf hissi ilə bildirmək istəyirəm ki, Sizin rəhbərliyiniz ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Agentlik həmin ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını yerinə yetirməyə var gücü ilə həmişə hazırdır.

Hörmətlə,

Əhmədov Qəzənfər, ANAMA-nın direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.