17 iyul 2018, 15:10

Suliddin Yusifov və Pənah Məmmədovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Təmas xəttində yerləşən Tərtər rayonunun Qarabağ müharibəsi veteranları Gəncə şəhərində baş verən terror hadisələrini qətiyyətlə pisləyirlər. Düşünürük ki, atılan güllələr dövlətimizə, sabitliyimizə, dinc asayişimizin pozulmasına yönəlib. Biz veteranlar imkan vermərik ki, qanımız, canımız bahasına qoruduğumuz Vətənimizdə xaricdən idarə edilən və sapı özümüzdən olan baltaların təşəbbüsü ilə qan tökülsün, xaos yaradılsın.

Cənab Prezident, tərtərli veteranlar həmişə Sizinlədirlər. Biz Sizə, Sizin yürütdüyünüz siyasətə inanır və ətrafınızda sıx birləşmişik. Heç kəs xalqla dövlətimizin bu birliyini poza bilməz.

Sizə uzun ömür, möhkəm cansağlığı, düşmənlərimizlə mübarizədə uğurlar diləyirik. Heç kəs doğma Azərbaycanımızda hökm sürən sabitliyi poza bilməz. Yurdumuza uzanan murdar əlləri dibindən kəsməyə hazırıq.

Hörmətlə,

Yusifov Suliddin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri

Məmmədov Pənah, Tərtər batalyonunun keçmiş qərargah rəisi.

Azərbaycan Respublikası, Tərtər rayonu.