16 iyul 2018, 15:00

Mirəşrəf Mirsutlanovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Bir neçə gün əvvəl bir qrup radikal dini yönümlü şəxs tərəfindən qədim Gəncə şəhərində törədilən hadisələr, ictimai asayişin kobud şəkildə pozulması bütün ölkə vətəndaşları kimi, biz ağsaqqalları da hiddətləndirdi və çox ciddi narahat etdi. Biz ağsaqqallar bu hadisəni dövlətçiliyimizə və müstəqilliyimizə xəyanət kimi qiymətləndiririk. Belə əqidə ilə yaşayanlar, ölkəmizdəki inkişafı, tərəqqini qiymətləndirməyi bacarmayan radikallar bilməlidirlər ki, heç bir qüvvə, heç bir iğtişaş xalq-iqtidar birliyinə, dövlətçiliyimizə və müstəqilliyimizə kölgə sala bilməz. Çünki xalqımız öz Prezidentini sevir, onunla fəxr edir, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qoruyur. Gəncə hadisələri bizim hər birimizi möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşdirdi.

Biz ağsaqqallar belə terror əməllərinə, düşmən dəyirmanına su tökən xəyanətkarlara "yox" deyirik. İnanırıq ki, belə xəyanətkar hərəkətlərin hər bir iştirakçısı öz layiqli cəzasını alacaqdır. Azərbaycanda bugünkü sabitliyi pozmağa çalışanlar birdəfəlik bilməlidirlər ki, onların cəhdləri həmişə iflasa uğrayacaq.

Biz ağsaqqallar Gəncədə, eyni zamanda, Azərbaycanda siyasi sabitliyin pozulmasına yönələn belə riyakar hərəkətləri qətiyyətlə pisləyir, onun təşkilatçılarının ciddi cəzalandırımasını istəyirik. Azərbaycanın dövlətçiliyi möhkəmdir, müstəqilliyi əbədidir, sükanı isə çox etibarlı əllərdədir. Çünki bizim Sizin müdrik Prezidentimiz var, ölkəmizdə güclü xalq-iqtidar birliyi mövcuddur və bu birliyi heç bir qüvvə sarsıda bilməz.

Cənab Prezident, biz ağsaqqallar Sizi ürəkdən dəstəkləyirik, Sizinlə daim həmrəy olduğumuzu bildiririk.

Əsgərabad kəndinin ağsaqqalları adından dərin hörmətlə,

Mirsultanov Hacı Mirəşrəf.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Əsgərabad kəndi.