16 iyul 2018, 14:50

Cavid Əhmədovdan, Peç, Macarıstan

Möhtərəm cənab Prezident.

Azərbaycanda baş verən son hadisələr bir daha sübut edir ki, Sizin ölkəmizə rəhbərliyiniz dövründə Vətənimizdə heç vaxt xaos və anarxiya baş verməyəcək. Hər bir azərbaycanlı 1991-1993-cü illərdəki böhranı çox yaxşı xatırlayır. İçərimizdəki bəzi anti-milli qüvvələr ölkəmizi həmin zamanlara qaytarmaq, öz çirkin əməllərini yerinə yetirmək istəyirlər. Lakin bu, heç zaman baş verməyəcək. Nə qədər ki, Siz varsınız müstəqil, güclü və sabit bir Azərbaycan da var olacaqdır. Bunu anlamayan xəyanətkar qüvvələr öz xain fəaliyyətləri ilə məqsədlərinə nail olacaqlarını düşünürlər. Azərbaycan xalqı, xüsusilə biz gənclər buna heç vaxt yol verməyəcəyik. Dövlət idarəçiliyindən heç bir anlayışı olmayan bu insanların sərsəm fikirləri Azərbaycan cəmiyyətində sadəcə gülüş doğurur.

Azərbaycan müstəqilliyini 1991-ci ildə əldə etsə də, səmərəsiz idarəçilik və ordu quruculuğu ölkənin tam müstəqil olmasına əngəl törədirdi. O vaxt yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Yalnız ulu öndər Heydər Əliyev xalqın fəryadına səs verərək yenidən hakimiyyətə gəldikdən sonra ordu öz məqsədinə xidmət etməyə başladı. Bunun məntiqi nəticəsi olaraq Azərbaycan bir çox hərbi uğurlara imza atdı.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə ordumuzdakı islahatlar dərinləşdi və Azərbaycan Ordusu daha da qüdrətləndi. 2016-cı ilin Aprel döyüşləri ordumuzun hazırki gücünü bir daha sübut etdi. Bütün bunlar Sizin uğurlu daxili və xarici siyasətinizin alternativsiz olduğunu açıq-aydın nümayiş etdirir.

Hörmətlə,

Əhmədov Cavid.

Macarıstan Respublikası, Peç şəhəri.