Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın Məzunu 2018” mərasiminin iştirakçılarına müraciəti

06 iyul 2018, 18:30

Əziz SABAH qruplarının məzunları,

Sizi ali təhsilinizi başa vurmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün siz fərdi inkişafınızın əsas mərhələsi olan təhsili geridə qoyaraq həyatınızın daha da önəmli bir mərhələsi olan peşəkar inkişafa qədəm qoyursunuz. İndiyə qədər öyrəndiklərinizi artıq reallıqda tətbiq edərək onun bəhrəsini görəcəksiniz. SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirmişdir. Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaqdır. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız.

Əziz dostlar,

Əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilmiş və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri, universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir. “Təhsil millətin gələcəyidir” - məhz bu fikri əsas tutaraq, ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin edilib. Belə bir mühit, ilk növbədə, sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz, bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir.

Əziz gənclər,

Ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurlar heç də təsadüfi deyil. Dövlətçilik tariximizin ilk illərindən başlayaraq Azərbaycanda təhsilə xüsusi diqqət yetirilir. Əlamətdar tarixlərlə zəngin olan bu il biz, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Dövlətçiliyimizin qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək fəxr etdiyimiz saysız uğurlara imza atmışdır. Düşünürəm ki, qısamüddətli dövrdə Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də məhz təhsil sahəsində olan yeniliklər idi. Azərbaycan dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və gənclərin xaricdə təhsilinə dəstək verilməsi kimi mühüm addımlar atılmışdır. Lakin, bundan sonra biz nailiyyətlərimizi qoruyub saxlamağa və daha da yüksək zirvələrə yüksəlməyə birlikdə çalışmalıyıq. Buna nail olmaq hər bir Azərbaycan vətəndaşı, xüsusilə də siz gənclərsiz mümkün deyil.

Əziz məzunlar!

Sizin bugünkü uğurunuzda müstəsna rol oynamış müəllimlərinizə, valideynlərinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onlar da bizimlə bərabər bu əlamətdar gündə qürur hissi keçirirlər. İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlardan düzgün şəkildə istifadə edərək həm bir fərd olaraq şəxsi inkişafınıza, həm də bir vətəndaş olaraq doğma vətənimizin inkişafına öz töhfənizi verəcəksiniz. Hər birinizə gələcək həyatınızda cansağlığı, xoşbəxtlik, təhsilinizin növbəti pillələrində və işlərinizdə uğurlar arzu edirəm! Yolunuz açıq olsun!

Dərin hörmətlə,

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, 5 iyul 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10