29 may 2018, 18:00

Məhi Novruzovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Biz məcburi köçkünlərə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qayğısı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Biz məcburi köçkünlər Sizin göstərdiyiniz diqqət və qayğının nəticəsində çox xoş və firavan həyat sürürük. 2011-ci il dekabrın 24-də biz laçınlıların müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbənin açılışında iştirakınız, xüsusilə bu tarixin çox müqəddəs bir günə - Sizin 50 illik yubileyinizə təsadüf etməsi, açılış mərasimində möhtəşəm çıxışınız zamanı bizi öz ailə üzvünüz hesab etməyiniz hər bir laçınlının qəlbində silinməz izlər buraxıb.

Cənab Prezident, Sizin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamınızda Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisinin də öz əksini tapması dövlətimizin artan iqtisadi qüdrətinin bariz nümunəsi olmaqla köçkünlərə olan davamlı qayğınızın əyani təzahürüdür. Bu Sərəncamınız biz laçınlı köçkünlərin hədsiz sevincinə səbəb oldu.

Cənab Prezident, laçınlı köçkünlər qəti surətdə əmindirlər ki, altında işğal altında olan bütün torpaqlarımız Sizin rəhbərliyinizlə tezliklə azad ediləcək. Cocuq Mərcanlı sakinləri kimi, bütün köçkünlər ata-baba yurdlarına dönəcəklər.

Məcburi köçkünlərə göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə “Çox sağ olun” deyir, dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Laçın rayonundan məcburi köçkünlər adından dərin hörmətlə,

Novruzov Məhi Alışan oğlu

Süleymanov Məmməd Müzəffər oğlu

Məmmədov Məhərrəm Sarxan oğlu

Əsədov Muğan Talış oğlu və başqaları (cəmi: 12 nəfər).

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.