17 may 2018, 15:00

Zariyyat Eyyubovadan, Kürdəmir, Azərbaycan

Əziz Prezidentim.

Siz mədəniyyətimizin digər sahələri kimi, xalçaçılığın da himayədarısınız. Xalçaçılıq bizim milli sərvətimizdir. Bu sənət sahəsinin inkişafı üçün mühüm tədbirlər həyata keçirməklə Siz xalçaçılığın keçmiş nüfuzunu özünə qaytarmış, bütün dünyanın diqqətini Azərbaycan xalçasına cəlb etmisiniz. Siz ölkəmizin müxtəlif bölgələrində xalça emalatxanaları yaratmaqla xalçaçı qadınlarımız üçün minlərlə iş yeri açmısınız. Respublikamızın 10 bölgəsində yaratdığınız xalça istehsalı emalatxanaları gözəl xalça naxışları kimi, həm də ölkəmizin quruculuq naxışlarıdır.

Yaşadığım Kürdəmir rayonunda da xalça emalatxanasının tikintisinə başlanılması bizi hədsiz dərəcədə sevindirdi. Tezliklə 150 toxucu orada özünə iş yeri tapacaq, qədim Şirvan xalçaları toxuyacaq.

Cənab Prezident, Siz xalçaçılıq sənətini yaşatmaq üçün təkcə xalçaçılıq emalatxanaları yaratmırsınız, həm də xalçaçılara yüksək diqqət və qayğı göstərir, onları fəxri adlarla, medallarla təltif edirsiniz. Xalçaçıların təltif olunması ilə bağlı son Sərəncamınızda mənim də adım var. Bu, təkcə mənim deyil, bütün kürdəmirli xalçaçılarının əməyinə verilən yüksək qiymətdir.

Əziz Prezidentim, Azərbaycan xalçaçılığına və xalçaçılarına göstərdiyiniz diqqət və qayğıya, 35 illik əməyimə yüksək qiymət verərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz bu qərarınızla bir daha sübut etdiniz ki, milli dəyərlərimizin yaşadılmasında, mədəniyyətimizin inkişafında xidmətləri olan heç kəs unudulmur, heç kəs yaddan çıxmır.

Hörmətlə,

Eyyubova Zariyyat Miri qızı.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Şilyan kəndi.