11 may 2018, 10:20

Baba Babayevdən, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz ürəyimizi qürur hissi ilə doldurur. Sizin rəhbərliyinizlə respublikamız yeni Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində sürətlə inkişaf edir. Ölkəmizin beynəlxalq nüfuzu durmadan artır. Xalqımızın rifah halı ildən-ilə yaxşılaşır. Təbii ki, bunlar müdrik daxili və xarici siyasətin nəticəsidir.

Sizin Lənkərana səfərlərinizi də minnətdarlıqla xatırlayıram. Bölgəyə hər gəlişiniz bizim üçün əsl bayrama çevrilir. Çünki ildən-ilə tərəqqi edən, müstəqillik yolunda inamla addımlayan respublikamızın sürətli inkişafının təzahürünü Lənkəranda da görmək çətin deyil. Biz əsl tərəqqi və yüksəliş dövrünü yaşayırıq. Sizin sərəncamlarınızla Lənkəranı turizm şəhərinə çevirmək istiqamətində mühüm işlər görülür. Rayonumuz tikinti meydançasını xatırladır. Abadlıq, yaşıllaşdırma işləri yeni vüsət alır.

Çox hörmətli Prezident, Lənkəranın sosial-iqtisadi inkişafı çərçivəsində yolların yenidən qurulmasına mühüm diqqət yetirilir. Belə ki, ərazimizdən keçən Aşağı Nüvədi-Kənarmeşə-Şürük və Şürük-Vel-Qamışovka avtomobil yollarının yenidən qurulması və abadlaşdırılması məhz Sizin bir dövlət başçısı kimi ölkə vətəndaşlarına diqqət və qayğınızın ifadəsidir.

Doğma Azərbaycanın işıqlı sabahına böyük töhfələr verdiyinizə və ölkəmizin tərəqqisi, yüksəlişi naminə məqsədyönlü fəaliyyətinizə görə Sizə çox minnətdarıq. Fürsətdən istifadə edərək, yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Babayev Baba

Kənd ağsaqqalı, əmək veteranı

Azərbaycan Respublikası, Lənkəran rayonu, Tütəpeştə kəndi.