“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında ƏSASNAMƏ

05 aprel 2018, 21:05

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası (bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən (bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) yuxarı orqana şikayətlərin (bundan sonra - şikayət) verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qəbul etdiyi qərarlardan, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdikləri yazılı müraciət başa düşülür.

1.4. Şikayətə aşağıdakı hallarda Şurada baxıla bilməz:

1.4.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

1.4.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);

1.4.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Şura tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

1.4.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

1.4.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

1.5. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

1.6. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

1.7. Şura Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka və möhürə malikdir.

2. Şuranın vəzifələri

2.0. Şuranın vəzifələri aşağıdakılardan ibarətdir:

2.0.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının (bundan sonra – orqanların Apellyasiya Şuraları) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş şikayətlərə baxılmasını təmin etmək;

2.0.2. Şuraya daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;

2.0.3. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və orqanların Apellyasiya Şuralarının sədrlərini və ya digər üzvlərini Şuranın iclaslarına dəvət etmək;

2.0.4. Şurada baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.0.5. Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.0.6. Şuranın qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.0.7. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.0.8. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

2.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. Şuranın hüquqları

3.0. Şura öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.0.1. daxil olmuş şikayətlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular vermək və onlardan belə məlumatları və sənədləri almaq;

3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), orqanların Apellyasiya Şuralarının sədrlərinin və ya digər üzvlərinin, habelə başqa əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.0.3. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı orqanların Apellyasiya Şuralarının sədrləri, digər üzvləri və ya həmin orqanların vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq;

3.0.4. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı orqanların Apellyasiya Şuralarına və ya həmin orqanlara müvafiq göstərişlər vermək, onlar icra olunmadıqda bu barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;

3.0.5. orqanların Apellyasiya Şuralarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı konfranslar və digər tədbirlər təşkil etmək, belə tədbirlərə rəhbərlik etmək;

3.0.6. qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.0.7. orqanların Apellyasiya Şuralarının fəaliyyəti ilə əlaqədar həmin orqanlara və onların Apellyasiya Şuralarına təşkilati və metodiki yardım göstərmək;

3.0.8. Şuranın fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.0.9. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.0.10. orqanların Apellyasiya Şuraları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının, Şuranın qərarlarının (sorğularının) yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək;

3.0.11. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.0.12. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibi (sədri, sədr müavini və digər yeddi üzvü) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.2. Şuranın sədri:

4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Şuranın adından çıxarılan qərarları, məktubları və Şuranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Şuranın iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

4.2.4. Şuranın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.5. Şuranı təmsil edir;

4.2.6. Şuranın Katibliyinin rəhbəri və tərkibi barədə təklif verir;

4.2.7. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.

4.3. Şuranın sədr müavini bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirməklə yanaşı, Şura sədri olmadıqda onu əvəz edir.

4.4. Şuranın üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.4.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.4.2. Şuranın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.4.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;

4.4.4. Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.4.5. Şuraya daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

4.4.6. Şuraya daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

4.4.7. Şuraya daxil olan şikayətlərlə əlaqədar Şuranın adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.4.8. Şuranın qəbul etdiyi qərarla razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;

4.4.9. Şuranın protokolları, qərarları və digər sənədləri ilə tanış olmaq, protokola daxil edilməli qeydlər təklif etmək;

4.4.10. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək;

4.4.11. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.4.12. icra intizamına ciddi əməl etmək;

4.4.13. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.5. Şuranın sədri, sədr müavini və ya digər üzvü Şurada baxılan şikayətin əvvəllər Şuradankənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Şuranı bu barədə məlumatlandırmalı və həmin şikayətə baxılmasında iştirak etməməlidir.

4.6. Şuranın cari fəaliyyətinin təşkili Katiblik tərəfindən həyata keçirilir. Katibliyin rəhbəri və tərkibi Şura sədrinin təqdimatı (təklifi) əsasında, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən təsdiq olunur.

4.7. Katiblik:

4.7.1. Şuraya daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.7.2. Şuraya daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə sənədlərin (materialların), o cümlədən baxılmış şikayətlərin, qərarların, iclasların protokollarının və videoçəkilişlərinin, üzvlərin rəylərinin, habelə şikayətə baxılması üçün zəruri olan digər sənədlərin (materialların) 5 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün orqanların Apellyasiya Şuralarına yazılı və ya şifahi sorğu verir;

4.7.3. bu Əsasnamənin 4.7.2-ci yarımbəndinə müvafiq olaraq təqdim edilmiş sənədlərin (materialların) tamlığını yoxladıqdan sonra toplanmış sənədləri (materialları) Şuranın sədrinə və rəy verilməsi üçün Şuranın sədr müavininə və digər üzvlərinə göndərir;

4.7.4. bu Əsasnamənin 4.9-cu bəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Şuranın sədri ilə razılaşdırmaqla Şuranın iclaslarını təşkil edir;

4.7.5. Şuranın iclaslarının keçirilməsinin vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış məlumat verir;

4.7.6. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.7.7. Şuranın qərarlarının (məktublarının, digər sənədlərinin) layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.7.8. Şuranın qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;

4.7.9. Şuranın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, o cümlədən Şuranın iclaslarında baxılan məsələlər barədə dövri ümumiləşdirilmiş məlumatın, Şuranın sədri ilə razılaşdırmaqla, kütləvi informasiya vasitələrində yayımını təmin edir;

4.7.10. Şurada baxılan müraciətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Şuranın sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

4.7.11. Şuranın sədrinin göstərişlərini icra edir;

4.7.12. Şuranın qəbul etdiyi qərarların icrasının təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görür;

4.7.13. Şuranın protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Şuraya daxil olmuş və toplanmış sənədləri saxlayır;

4.7.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

4.8. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.

4.9. Bu Əsasnamənin 4.7.3-cü yarımbəndində nəzərdə tutulan rəylər 5 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

4.10. Katibliyin bu Əsasnamənin 4.7.2-ci yarımbəndinə uyğun olaraq etdiyi müraciətə orqanların Apellyasiya Şuraları tərəfindən vaxtında və tam əməl olunmaması Şuranın fəaliyyətinə maneə kimi qiymətləndirilir.

4.11. Şuranın iclası keçirilənədək bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildikdə, Şurada şikayətə mahiyyəti üzrə baxılmır və bu Əsasnamənin 5.6-cı və 5.7-ci bəndlərinə uyğun olaraq tədbirlər görülür.

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ünvanlandığı qurumun – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının adı;

5.1.2. şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);

5.1.3. şikayətçinin VÖEN-i;

5.1.4. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);

5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl orqanın Apellyasiya Şurasına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.1.6. icraatı təzələmək üçün təkrar şikayətlə müraciət etmək imkanı verən əsaslar;

5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.2. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalanır.

5.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.

5.4. Şikayətlərin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətlərə əlavə edilir.

5.5. Şikayət bu Əsasnamənin 5.1–5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.7-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətçidən asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədlər (məlumatlar) Şura tərəfindən əldə olunur.

5.6. Şuraya daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.4.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılması üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiyə yazılı məlumat verilir.

5.7. Şurada mahiyyəti üzrə baxılmış şikayət üzrə şikayətçiyə və orqanın Apellyasiya Şurasına qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciət üzrə isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.

5.8. Şuraya şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən buraxıldıqda (şikayətçinin xəstəliyi, ölkənin hüdudlarından kənarda olması və s.) şikayətçinin vəsatətinə əsasən Şuranın sədri tərəfindən bərpa edilir.

5.9. Şura daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına şifahi və ya yazılı, o cümlədən elektron sorğular verə bilər. Sorğu edilən məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Şuranın fəaliyyətinə maneə kimi qiymətləndirilir.

6. Şuranın iclasının keçirilməsi qaydası

6.1. Şuranın iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.

6.2. Şuranın iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Şura sədrinin, sədr müavininin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.

6.3. Şuranın hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Şuranın sədri tərəfindən müəyyənləşdirilir.

6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Şuranın iclasında iştirak etmək hüququna malikdirlər. Şuranın iclasına dəvət olunmuş orqanların Apellyasiya Şuralarının sədrləri, digər üzvləri, katibliklərinin rəhbərləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılmasına və müvafiq qərarın qəbul edilməsinə mane olmur.

6.5. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlillər Şuranın üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.

6.6. Şuranın iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.

6.7. Şuranın gündəliyinə daxil edilmiş şikayətlər barədə Şuranın sədri, sədr müavini, digər üzvlərindən biri və ya Katibliyinin rəhbəri məruzə edir.

6.8. Şuranın iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim edilməlidir.

6.9. Şuranın iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Şuranın göstərişlərinin və qərarlarının icrası, müvafiq olaraq, orqanların Apellyasiya Şuraları və həmin orqanlar üçün məcburidir.

6.11. Şuranın iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.

6.12. Şuranın sədri və onu əvəz edən sədr müavini üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Şuranın iclasında iştirak edə bilmədikdə, Şura sədrinin səlahiyyətləri Şuranın sədri və ya onu əvəz edən sədr müavini tərəfindən Şuranın digər üzvünə həvalə edilir.

6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Şuranın hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.

6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Şuranın üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiyə məlumat verilir.

6.15. İş yükünün çoxluğundan asılı olaraq şikayətlərə Şura üzvlərindən təşkil olunmuş iki tərkibdə baxıla bilər. Belə hallarda hər bir tərkib Şuranın sədrindən və digər dörd üzvdən ibarət olmaqla Şuranın sədri tərəfindən formalaşdırılır. Bütün hallarda tərkiblərin fəaliyyətinə və iclaslarının keçirilməsinə Şuranın sədri rəhbərlik edir. Şikayətlərin tərkiblər arasında bölüşdürülməsi Şuranın sədri tərəfindən həyata keçirilir. Şikayətlərə baxılması zamanı hər tərkibdən üç üzv iştirak etdikdə tərkibin iclası səlahiyyətli hesab olunur. Tərkiblərin şikayətlər üzrə araşdırma aparması, iclaslar keçirməsi və qərarlar qəbul etməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

6.16. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Şura üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

7. Şuranın iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Şuranın iclasının nəticəsi Şuranın sədri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Şuranın iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasa sədrlik edən və iştirak edən Şura üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və ata adları;

7.2.3. gündəliyə daxil edilmiş müraciətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Şuranın iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. Şuranın daxil olmuş müraciətlərlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Şura tərəfindən qəbul edilmiş qərar.

7.3. Şura orqanın Apellyasiya Şurasının qərarı, digər hərəkəti və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;

7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin və ya şikayətin yenidən araşdırılması vəzifəsi orqanın Apellyasiya Şurasının üzərinə qoyulsun;

7.3.3. qərar dəyişdirilsin;

7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkətin edilməsi vəzifəsi orqanın Apellyasiya Şurasının üzərinə qoyulmaqla);

7.3.5. şikayət üzrə icraata xitam verilsin.

7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən şikayətin məzmunundan və işin hallarından asılı olaraq qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:

7.4.1. şikayətin təmin edilməsi;

7.4.2. şikayətin qismən təmin edilməsi;

7.4.3. şikayətin təmin edilməməsi;

7.4.4. müvafiq hərəkətin edilməsi vəzifəsinin orqanın üzərinə qoyulması;

7.4.5. şikayətin baxılması və nəticəsi barədə Şuraya və şikayətçiyə məlumat verilməsi üçün aidiyyəti dövlət orqanına və ya qurumuna göndərilməsi.

7.5. Şuranın bu Əsasnamənin 7.3-cü bəndinə uyğun olaraq qəbul etdiyi qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.5.1. giriş hissəsində Şuranın qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində olan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;

7.5.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (edilmiş digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.5.3. əsaslandırıcı hissədə Şuranın əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

7.5.4. nəticə hissəsində Şuranın qəbul etdiyi qərar və həmin qərarın icrasına dair göstəriş.

7.6. Şuranın qərarlarının və məktublarının aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

7.7. Şuranın iclası zamanı bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulan hallardan biri müəyyən edilərsə, Şura şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.

7.8. Şuranın qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.

7.9. Şuranın qərarı aidiyyəti orqana daxil olduqdan sonra müvafiq olaraq, həmin orqan və ya orqanın Apellyasiya Şurası tərəfindən bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra olunmalı və nəticəsi barədə Şuraya və şikayətçiyə rəsmi məlumat verilməlidir.

7.10. Orqanın Apellyasiya Şurası və ya həmin orqan bu Əsasnamənin 7.9-cu bəndində nəzərdə tutulmuş müddətdə Şuranın qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirərsə, yaxud Şuraya zəruri məlumat və təsdiqedici sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, bu hal bu Əsasnamənin və icra intizamının pozuntusu kimi qiymətləndirilir.”.

SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35