19 mart 2018, 18:59

Xatirə Salmanovadan, Gəncə, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

2017-ci ildə - aprel döyüşlərinin ildönümü ərəfəsində şəhid oğlum Fərman Əsədli Ali Baş Komandanımız tərəfindən “Şücaətə görə” medalına layiq görülüb. Bundan sonra onun adının əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Sərkar kəndində ata-babasının yaşadığı küçəyə oğlumun adı verilib.

Hər bir məsələyə diqqətlə, həssaslıqla yanaşmağınız, xüsusilə də döyüşlərin getdiyi bir vaxtda biz şəhid anaları ilə görüşməyiniz hər an bizimlə birgə olmağınızın, bizə necə ülvi hisslərlə yanaşdığınızın göstəricisidir. Fərmanın qəhrəmanlığına, bütövlükdə ailəmizə göstərdiyiniz diqqət oğlumun 5 yaşlı qızını atasına layiq vətəndaş kimi böyüdüb boya-başa çatdırmaq hissini artırır.

Ali Baş Komandanımızın və Sizin həm şəhidlərimizə, həm də bütün əsgərlərimizə sevgi və diqqətiniz gənclərimizdə milli vətənpərvərlik hisslərinin aşılanmasına, layiqli Azərbaycan gəncliyinin yetişməsinə və əsl Azərbaycan vətəndaşının formalaşmasına misilsiz töhfədir.

Hörmətli Mehriban xanım, Sizə həyatda uzun ömür, cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Salmanova Xatirə Qulu qızı, şəhid anası.

Azərbaycan Respublikası, Gəncə şəhəri.