İlham Əliyev Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışında iştirak etmişdir

29 iyun 2011, 20:10

Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - “Dərnəgül” stansiyasının açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Paytaxt ictimaiyyətinin nümayəndələri, Bakı Metropoliteninin əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

Baş nazirin müavini Abid Şərifov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və “Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Şaiq Əfəndiyev dövlətimizin başçısına məlumat verdilər ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilmişdir. Metropolitenin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrədək Bakı Metropolitenində cəmi 6 stansiya və 8,8 kilometr metro xətti var idi. 1969-cu ildən sonra isə metropolitenin 14 stansiyası və 21,1 kilometr metro xətti inşa edilərək istismara verilmişdir.

Bildirildi ki, Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropoliten xətləri inkişaf etdirilmiş, “Nəsimi”, “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilmişdir. “İçərişəhər” stansiyası tamamilə yenidən qurulmuşdur. Metronun “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında da inşaat işləri davam etdirilir. İctimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” əsasında reallaşır.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, “Dərnəgül” stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. Metronun “Dərnəgül” də daxil olmaqla üç stansiya və bir depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanmışdır. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılmış, 2006-cı ilin noyabrında bərpa olunmuşdur. Artıq Bakı Metropoliteninin şimal hissəsində “Nəsimi”, “Azadlıq prospekti” stansiyaları istismara verilmişdir. “Azadlıq prospekti” stansiyasının davamı olaraq Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilən “Dərnəgül” 7-ci mikrorayon yaşayış massivini əhatə edir.

Bildirildi ki, stansiyanın yerüstü sahəsini əhatə edən 10,2 hektarlıq ərazidə yeni park salınmış, abadlıq və yaşıllaşdırma işləri görülmüş, sel suları üçün kanalizasiya sistemi tikilmiş, su kəməri çəkilmiş, suvarma sistemi yaradılmışdır. Sakinlərin istirahəti üçün 34 oturacaq, xarici işıqlandırma sistemi üçün 120 işıq dirəyi quraşdırılmış, asfalt örtüyü salınmışdır. Stansiyanı elektrik enerjisi ilə 10 kilovoltluq yarımstansiya təmin edəcəkdir.

Qeyd olundu ki, stansiyanın girişləri informasiya monitorları ilə təmin edilmişdir. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış vardır.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya stansiyada quraşdırılmış sensorlu interaktiv sorğu köşkü barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, displeydə Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaqdır.

Dövlət başçısına bildirildi ki, yeni stansiyanın buraxılış kompleksinin ümumi uzunluğu 1548, stansiya kompleksinin ümumi uzunluğu isə 302 paqonometrdir. Müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə platforma döşəməsinin və yol divarlarının ornamentlərinin işlənməsində Azərbaycan memarlıq ənənələri əsas götürülmüşdür. Stansiyada üzlənmə işləri görülərkən Ukrayna, Türkiyə və Hindistandan gətirilən təbii mərmər və qranitdən istifadə olunmuşdur. Sütunsuz tağvarı sərnişin platforması Almaniyanın “Durlum” şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır.

Dövlət başçısı və xanımı Bakı Metropoliteninin inkişafına ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısını əks etdirən filmə baxdılar. Filmdə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Bakı Metropoliteninin keçdiyi əsaslı inkişaf yolu barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, Prezident İlham Əliyev Bakı Metropoliteninin yeni inkişaf mərhələsinə təkan vermişdir. Filmdə, həmçinin bu ilin avqustundan metro tikintisində ilk dəfə yeni tunellərin qazılmasında və inşasında istifadə ediləcək Almaniya istehsalı olan ən müasir tunelqazma maşınları barədə də ətraflı söhbət açıldı. Qeyd olundu ki, bu, işin keyfiyyətlə və daha sürətlə yerinə yetirilməsinə imkan yaradacaqdır.

Məlumat verildi ki, ilk dəfə olaraq Bakı Metropolitenində “SOS” həyəcan sistemi tətbiq edilmişdir. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Bakı Metropoliteninin və sərnişinlərin təhlükəsizliyi üçün quraşdırılan yeni sistem barədə də ətraflı məlumat verildi. Bildirildi ki, ötən ilin sonunda Bakı Metropoliteninə ayrılan vəsait hesabına 3 minədək kamera quraşdırılmışdır. Bütün stansiyalarda olduğu kimi, “Dərnəgül”də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunmuşdur. Bu sistemlər metropolitenin, eləcə də sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.

Vurğulandı ki, “Dərnəgül” stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Stansiyanın platformasında yeni tipli elektron interval saatları da müasirliyi ilə seçilir.

X X X

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını yeni stansiyanın açılışı münasibətilə təbrik edərək dedi:

- Təbrik edirəm sizi! “Dərnəgül” stansiyasının açılışı çox gözəl hadisədir. Bakıda yeni növbəti metro stansiyası istismara verilir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl, yaraşıqlı, rahat stansiyadır. Burada ən qabaqcıl texnologiyalar tətbiq olunub. Təhlükəsizlik məsələləri tam şəkildə həllini tapıb. Stansiyanın dizaynı da gözəldir. Stansiya qısa müddət ərzində tikilib istifadəyə verilib. Beləliklə, Bakıda metro stansiyalarının sayı 23-ə çatıbdır.

Son illər ərzində şəhərimizdə metro tikintisi çox sürətlə gedir. Demək olar ki, hər il yeni stansiya açılır. İki il bundan əvvəl biz metronun “Azadlıq prospekti” stansiyasının açılışını qeyd etmişik. “Dərnəgül” stansiyası artıq görülən o işlərin məntiqi davamıdır. 2008-ci ildə “Nəsimi” stansiyası tikilibdir. Növbəti illər ərzində yeni stansiyaların tikintisi də nəzərdə tutulur.

Bütövlükdə qəbul edilmiş proqrama uyğun olaraq, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir. Çox böyük proqramdır. Qısa müddət ərzində əlavə 6 stansiyanın tikilməsi əlbəttə ki, böyük peşəkarlıq, maliyyə resursları tələb edir. Hesab edirəm ki, yeni alınmış avadanlıqdan istifadə olunması nəticəsində biz bu proqramı icra edəcəyik.

2015-ci ildən sonra proqramımızın ikinci mərhələsi, yeni stansiyaların tikintisi başlanacaqdır. Sadəcə olaraq, bu proqramı biz hissələrə böldük ki, daha da real, konkret və qısamüddətli olsun. Ancaq metro tikintisi üzrə böyük proqram, əlavə, bəlkə onlarla stansiyanın tikintisini nəzərdə tutur. Bu Proqram 2030-cu ilə qədər icra edilməlidir və şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməlidir. Bunun böyük əhəmiyyəti vardır. Çünki metro ən rahat və ən ucuz nəqliyyat növüdür. Yeni yanaşma ilə, yeni gözəl dizaynın tətbiq edilməsi nəticəsində metro stansiyaları, eyni zamanda, memarlıq baxımından da şəhərimizə yaraşıq verir.

Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə resursları tələb edir. Biz isə bu işi görməklə şəhər sakinlərinin rahatlığını təmin etmək istəyirik. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri, yəni gediş haqları çox aşağıdır. Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən, ona görə ki, metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların rahatlığı üçündür.

Azərbaycanda sosial məsələlər uğurla həll edilir. O cümlədən şəhər nəqliyyatı məsələləri həll olunur. Yeni gözəl yollar tikilir, avtobuslar alınır. İndi gözəl və çox rahat taksi maşınları alınıbdır. Dünyanın ən inkişaf etmiş şəhərlərində belə taksi maşınlarına rast gəlmək olar. İstəyirəm ki, tezliklə onların sayı artsın ki, şəhər sakinləri keyfiyyətli nəqliyyat vasitələri ilə təmin edilsinlər.

Bizim gördüyümüz işlər bundan ibarətdir. Bu, reallıqdır, real işdir. Bir müddət bundan əvvəl mənim rəhbərliyimlə keçirilmiş müşavirədə səslənən fikirlər bu gün reallaşır. Müşavirədən sonra qəbul edilmiş proqram icra edilir. Bizim bütün proqramlarımız konkret xarakter daşıyır. Hər bir proqram konkret iş cədvəli əsasında qurulub. Hər bir proqramın arxasında maliyyə resursları və texniki imkanlar vardır.

Bu gün burada nümayiş etdirilən, metro tikintisi üçün nəzərdə tutulan yeni avadanlıq dünyada ən birinci, ən yüksək keyfiyyətə malik olan avadanlıqlardır. Bu avadanlıqdan istifadə imkan verəcəkdir ki, biz tunel işlərini daha da sürətlə, yüksək keyfiyyətlə və zövqlə aparaq. Ona görə, mən hesab edirəm ki, bugünkü açılış onu göstərir ki, son bir neçə il ərzində tikilmiş stansiyalar və görülmüş işlər, artıq sistemli xarakter daşıyır.

Növbəti stansiyaların açılışı 2013-cü ildə nəzərdə tutulur. 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəkdir və ondan sonra hər il biz yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq vardır. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir. Bu, çox çətin məsələdir. Metro tikmək, - burada metro inşaatçıları bunu təsdiq edə bilərlər, - bəlkə də ən çətin məsələdir.

Mən çox şadam ki, bizdə olan məktəb və peşəkar kadrlar, bu kadrların yenidən hazırlanması, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi prosesi də uğurla gedir. Biz gərək addımlarımızı dünyada gedən proseslərə həmişə uyğun şəkildə ataq. O cümlədən dünyanın ən qabaqcıl texnologiyalarını Azərbaycana gətirməliyik və gətiririk.

Sizi bu hadisə münasibətilə təbrik edirəm. Bu stansiyanın tikintisində iştirak etmiş bütün vətəndaşlara minnətdarlığımı bildirmək istəyirəm. Bu ərazidə yaşayan sakinləri də təbrik edirəm ki, artıq onlar üçün yaxşı, gözəl şərait yaradılıb. Bilin ki, bundan sonra da işlər davam edəcəkdir. Bir daha təbrik edirəm.

Əməkdar Müəllim Zəriş MƏLİKOVA dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Hörmətli əziz Prezidentimiz İlham Əliyev! Biz Sizi Binəqədi rayonuna gəlməyiniz münasibətilə bir daha təbrik edirik, rayonumuzun bütün sakinləri adından, sadə xalqın adından, gənclərin adından salamlayırıq. Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. İşinin gərgin olmasına baxmayaraq, vaxtından bir qədər Binəqədi rayonunun sakinlərinə - bizə ayırdığına görə ona da minnətdarlığımızı bildiririk.

Ümumiyyətlə, Siz xalqınıza o qədər bağlısınız, yaxınsınız ki, bu, eyni zamanda, Binəqədi camaatına da aiddir. Siz Prezident seçiləndən hər dəfə Binəqədiyə gəlişinizi böyük bayram kimi gözləyirik və qarşılayırıq. Bir az da gec olanda, sözün düzü darıxırıq. Hər gəlişinizlə bizə böyük sevinc bəxş edirsiniz. Siz Binəqədi rayonunda 12 məktəb binasını əsaslı təmir etdirdiniz. Dörd məktəb binası, 14 əlavə korpus tikdirib övladlarımızın ixtiyarına verdiniz. Bunlar böyük uğurlardır. Buna görə biz Sizi həmişə dəstəkləyirik, arzulayırıq, təbrik edirik. Özümüzü də xoşbəxt hesab edirik ki, məhz belə Prezidentin olduğu respublikada yaşayırıq.

Bu gəlişiniz də bizə bayramdır. Bu gəlişinizlə, görün bizə nə böyük töhfə verirsiniz. Metronun “Azadlıq prospekti” stansiyasının ardınca “Dərnəgül” stansiyası açılır. Bütün bunlara görə Sizə minnətdarıq.

“Vətən” uşaq-gənclər futbol mərkəzinin yeni tədris-təlim bazasının açılışını yada salmaq istəyirəm. Hər gün oradan işə gedəndə ona fəxrlə baxırıq ki, bax, bu, Prezidentimiz İlham Əliyevin bizə verdiyi böyük töhfələrdən biridir. Eyni zamanda, uşaq bağçalarının təmiri, musiqi məktəbində əlavə korpusun tikintisi bizi sevindirir, ruhlandırır, xalqımıza daha yaxşı xidmət etməyə həvəsləndirir. Biz ziyalılar da çalışacağıq ki, Sizin hər bir göstərişinizi səylə yerinə yetirək, müstəqil respublikamızın həm daxilində, həm də xaricində apardığınız siyasəti dəstəkləyək, ardınızca gedə bilən gənclər yetişdirək.

Mehriban xanımın da respublikamız üçün gördüyü işlər əvəzsizdir. Bütün qadınlar ona bir xanımlıq nümunəsi kimi baxır, örnək götürməyə çalışır. Respublikada iki mindən çox məktəbin tikilməsində, əlbəttə, Heydər Əliyev Fondunun böyük, əvəzsiz rolu vardır. Siz böyük öndərin layiqli davamçılarısınız. Bu münasibətlə Sizə işlərinizdə böyük uğurlar, Azərbaycan qədər günəşli, isti, səmimi uğurlar arzulayıram.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Binəqədi rayonunun və Binəqədi qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı əlavə proqramlar icra edilir, burada yollar, su xətləri çəkilir. Ona görə açılışlar hələ çox olacaq, hələ çox görüşəcəyik.

Bakıdakı M.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasının şöbə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Nizami MEHDİZADƏ Prezident İlham Əliyevin paytaxtımızın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürünü bildirək dedi:

- Cənab Prezident, hörmətli Mehriban xanım. Sizin hər gəlişiniz bizim üçün toy-bayramdır, böyük əhval-ruhiyyə yaradır. Nə üçün? Çünki Sizin hər gəlişiniz rayonumuzun ərazisindəki problemlərin həll edilməsi ilə nəticələnir. Bu, insanların maddi rifahının, sosial şəraitinin yaxşılaşdırılması yolunda atılan addımlardır. Mən bu haqda çox danışa bilərəm. Ancaq bunların hamısı göz qabağındadır. Ölkəmizdə aparılan bütün bu abadlıq işləri, regionların sosial-iqtisadi inkişafı haqqında proqramlar və respublikamızdakı kommunikasiyaların yeniləşdirilməsi, yenilərinin tikilməsi, yenidən qurulması xalq üçün çəkilən zəhmətin çox cüzi, xırda bir hissəsidir.

Sizin verdiyiniz bütün Fərman və Sərəncamlar həmişə sosialyönümlü olmuşdur. Məsələn, elə dünən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) təsdiqi bunun bariz nümunəsidir.

Sizin bizim rayonla bağlı verdiyiniz göstərişlər, gəlişləriniz zamanı qaldırılan problemlər çox yüksək səviyyədə yerinə yetirilmişdir.

Mən bir məsələni xatırlatmaq istəyirəm: Ümummilli liderimiz Heydər Əliyev vaxtilə qardaş Türkiyə şahinləri Bakı səmasında müəyyən manevrlər edən zaman, bütün insanlarımız sevinc içində ikən belə bir söz demişdir: “Zaman gələcək Azərbaycan səmasında Azərbaycanın özünün şahinləri manevr edəcəklər və siz o günü görəcəksiniz”.

Mən Sizə minnətdaram və Sizin çox gərgin əməyiniz, davamlı, məntiqli siyasətiniz, ordumuza olan çox böyük qayğınız nəticəsində ulu öndərimizin həmin arzusu bu gün yerinə yetirilmişdir. Bütün dünya iyunun 26-da gördü ki, müstəqil Azərbaycan dövləti, doğrudan da, az bir zamanda böyük inkişaf yolu keçmişdir. Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusudur. Bu ordu ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadirdir və Ali Baş Komandanın rəhbərliyi altında istənilən anda bunu etməyə hazırdır. Mən buna görə Sizə çox böyük təşəkkür edirəm.

Belə bir deyim var, Allah Sizi qorusun! Çünki biz hələ Sizinlə birlikdə ulu öndərimizin müasir Azərbaycanı görmək istədiyi səviyyəyə çatdırmaq üçün çox iş görməliyik. Azərbaycanı daha möhtəşəm zəfərlərə Sizinlə bir yerdə çatdırmalıyıq. Sağ olun, xoş gəlmisiniz.

Mən bir neçə kəlmə də Mehriban xanımın gördüyü işlər barədə danışmaq istəyirəm. Mən muğamsevərlərdənəm və axırıncı dəfə keçirilən müsabiqəni əvvəldən axıradək canlı dinləmişəm. Orada demişəm ki, Mehriban xanım Azərbaycan muğamının inkişafı üçün çox əvəzsiz işlər görüb. Ucqar rayonlardan istedadlı uşaqların tapılıb üzə çıxarılmasında, qısa müddət ərzində peşəkar xanəndə kimi yetişməsində və klassik muğamımızın yaşamasında Mehriban xanımın xidmətləri ölçüyəgəlməzdir. Buna görə, Mehriban xanım, Sizə ürəkdən “sağ olun” deyirəm. Allah Sizi də qorusun! Mən əminəm ki, hələ Sizinlə çox qələbələrə bir yerdə imza atacağıq. Sağ olun.

Prezident İlham ƏLİYEV: Qabaqda hələ işlər çoxdur. Amma bütün sahələrdə çox sürətli inkişaf vardır. İndi siz hərbi parad haqqında söhbət açdınız. Doğrudan da, bizim ordumuz, nəinki bu bölgədə, nəinki Cənubi Qafqazda, dünya miqyasında güclü orduların sırasındadır. Həm peşəkarlıq baxımından, həm döyüş qabiliyyəti, döyüş potensialı, texnika baxımından dünya miqyasında güclü orduların sırasındayıq. Biz bunu qısa müddət ərzində təşkil edə bilmişik.

İndi bəzi hallarda məsələ ilə yaxından tanış olmayan xarici dairələr bizi günahlandırırlar ki, Azərbaycan silahlanma siyasəti aparır, orduya böyük diqqət göstərir. Bütün ölkələr orduya diqqət göstərməlidir. Bu yaxınlarda Avropa qitəsində baş verən hadisələrlə əlaqədar belə fikirlər səsləndi ki, Avropa ölkələri hərbi büdcələrini daha da çox inkişaf etdirməlidir. Biz də bunu edirik. Bu, bizim suveren hüququmuzdur. Əgər biz sadəcə olaraq ordu quruculuğuna vəsait qoysaydıq, sual yarana bilərdi ki, nə üçün? Amma Azərbaycanın dövlət büdcəsi 16-20 dəfə artan zaman əlbəttə ki, ordu quruculuğuna da, metro tikintisinə də, mədəniyyət obyektlərinin tikintisinə də vəsait ayırırıq. Bu, onu göstərir ki, ölkəmiz inkişaf edir və maliyyə imkanları artır.

Mən bu imkanın yaranmasında Azərbaycan xalqının zəhmətini, istedadını qeyd etmək istəyirəm. Bütün ölkəmizdə yaradılan və yaranmaqda olan gözəl yenilikləri Azərbaycan xalqı edibdir. İyirmi ildir ki, biz müstəqil xalq kimi yaşayırıq. Özümüzə və dünyaya sübut edə bilmişik ki, biz müstəqil xalq kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik. Dünyanın ən sürətli inkişaf templərinə nail ola bilərik və dünyanın ən müasir texnologiyalarını gətirə bilərik.

Baxın, bizdə nəqliyyat sahəsində ən qabaqcıl təcrübə tətbiq olunur. Görün, necə gözəl yollar çəkilir. Şəhər nəqliyyatı, metro tikintisi. İndi metro tikintisi, eyni zamanda, onu göstərir ki, ölkə sürətlə inkişaf edir. İnkişaf etməyən ölkədə metroya pul qoyulmur. Metroya ancaq o ölkələrdə pul qoyulur ki, orada sürətli inkişaf vardır. Çünki biz də, misal üçün, müstəqilliyimizin ilk illərində daha çox iqtisadi məsələlərə fikir verirdik. Gəlir gətirən sahələrə vəsait qoyulurdu. Amma indi bizdə imkan və iradə var ki, bütün sahələr inkişaf etdirilsin, o cümlədən sosial məsələlər də.

Problemlər çoxdur. Hələ həllini gözləyən məsələlər vardır. Amma ən önəmlisi ondadır ki, hər bir istiqamət üzrə bizdə konkret proqramlar vardır. İstər ordu quruculuğu olsun, istər mədəniyyət sahəsi, metro tikintisi, nəqliyyat, sosial məsələlər, sahibkarlıq, iqtisadi inkişaf, yoxsulluğun azaldılması - hər bir istiqamətdə nəticələr vardır. Bu, reallıqdır. Bu, söz deyil, niyyət deyil, kağızda olan proqram deyildir. Bu, reallıqdır. Bu reallıqları biz yaratmışıq, siz yaradırsınız. Hələ görüləsi işlər çoxdur.

Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı arzulayıram.

X X X

Sonda ictimaiyyətin nümayəndələri, Bakı Metropoliteninin əməkdaşları Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

SƏNƏDLƏRFərmanlar14 dekabr 2018
17:58
“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixl...

14 dekabr 2018, 17:58
SƏNƏDLƏRFərmanlar14 dekabr 2018
17:57
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada tə...

14 dekabr 2018, 17:57
SƏNƏDLƏRSərəncamlar14 dekabr 2018
17:40
Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasını...

14 dekabr 2018, 17:40
SƏNƏDLƏRSərəncamlar14 dekabr 2018
16:40
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əm...

14 dekabr 2018, 16:40