“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında İlham Əliyevin nitqi

20 avqust 2017, 14:00
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında İlham Əliyevin nitqi

Çox sağ olun. Mən də sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.

Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək.

Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız.

Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir. Bakıda möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər də görülür və bu fabriklərin yaradılması bunun bir hissəsidir. Çünki bu, həm iş yerləridir, həm biz tarixi sənətimizi, sərvətimizi qorumuş oluruq, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə büdcəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusilə belə gözəl şəraitdə.

Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. İndi bir çox ölkələrdə bilirlər ki, Azərbaycanda xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmaqla biz bu məqsədi də təmin etmiş oluruq. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var.

Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldaq. Yun tədarükü məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanda ipəkçilik də sürətlə inkişaf etdirilir. İpək xalçaların toxunması da gündəlikdədir. Yəni, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan vermişdir.

Şadam ki, ikinci fabrik Şəmkir rayonunda yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, fotoşəkillər bunu bir daha göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.

Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün biz yol layihəsinin də açılışını etdik. Elektrik enerjisi ilə təminat yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin olunur.

Şəmkir rayonunun çox böyük iqtisadi potensialı var. Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin ən böyük aqroparkı yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə gözəl fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti töhfədir. Mənim göstərişim “Azərxalça” tərəfindən layiqincə yerinə yetirilir. Qısa müddət ərzində biz ikinci fabrikin açılışına nail olduq. Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş yerlərinin sayı 5 minə çatacaq.

Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10