Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında İlham Əliyevin nitqi

15 sentyabr 2017, 10:00
Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında İlham Əliyevin nitqi

Sabahınız xeyir olsun. Mən, ilk növbədə, sizi yeni dərs ili münasibətilə təbrik etmək istəyirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm.

İyirmi nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olmuşdur və bu gün də ölkəmizin ən böyük məktəbi kimi öz fəaliyyətini yeni binada davam etdirir.

Təxminən 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdü, mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdı, o vaxt üçün bəlkə də pis aparılmamışdı, ancaq bizim bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin. Xatırlayıram, o vaxt da valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən olur, şəhərimizdə belə şayiələr gəzir, ancaq əlbəttə ki, onların heç bir əsası yox idi. Bizim planlarımız elə bəri başdan ondan ibarət idi ki, bu yerdə, 20 saylı məktəbin tarixi yerində yeni gözəl məktəb tikilsin və biz bunu da etdik. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq hazırda o qədər də asan deyil. Çünki son illərdə həm Bakıda, həm bölgələrdə bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. Bu gün 20 saylı məktəb doğrudan da bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaqdır.

Son illər ərzində Bakı şəhərində demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır. Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək.

Bu il Bakı şəhərində 10 məktəb əsaslı təmir olunub, biri tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb əsaslı təmir olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblər tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Beləliklə, qəzalı məktəblərlə bağlı olan problem də əminəm ki, yaxın iki-üç il ərzində öz həllini tam tapacaq.

Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu vermişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəblər tikildi. 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılmışdır, bir çox məktəblər yenidən tikilmişdir. Bu proses davam edir və davam edəcəkdir. Çünki hələ qəzalı vəziyyətdə məktəblər var və digər tərəfdən Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarır ki, Azərbaycanda əhalinin sürətli artımı müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Əhalimiz nə qədər artsa, ölkəmiz o qədər də güclənəcək. Məktəblərə gedən uşaqların sayı hər il artır. Belə olan halda əlbəttə ki, məktəb tikintisi prosesi daim təmin edilməlidir.

Məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, ali məktəblərə qəbul imtahanlarında özünü göstərir. Bizim məktəblərimiz beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni, təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir.

Biz bütün bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar.

Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir.

Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaqdır. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq - həm sərhədlərimizi, təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda, özümüzü yad təsirdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz müəllimlər, təhsil işçiləri etməlisiniz ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz. Eyni zamanda, bununla bərabər olaraq, həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə, mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır.

Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq. Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir və bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, xalqımızı kənardan bizə tuşlanan bütün atəşlərdən qoruyaq. Gənclər də, uşaqlar da, bax, bu ruhda - müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalıdır və müstəqil siyasəti bundan sonra da aparmalıdır. Biz bunu aparırıq, aparacağıq. Ancaq gələcək sizin əlinizdə olacaqdır. Ona görə, müəllimlər, valideynlər, uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim öz yerini tapacaq.

Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzu edirəm.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51