İlham Əliyev və Boris Tadiç Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak etmişdir

09 iyun 2011, 12:00

Prezident İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak etmişdir.

Serbiyanın Novi Sad Voevodina muxtar diyarının paytaxtıdır və Belqraddan sonra ölkənin ikinci ən böyük şəhəri sayılır. Novi Sad 1694-cü ildə salınmışdır. XVII-XIX əsrlərdə Serbiya mədəniyyətinin beşiyi olmuş bu şəhəri “Serb Afinası” adlandırırlar. Bu gün Novi Sad Serbiya iqtisadiyyatının sənaye və maliyyə, ölkənin əsas mədəniyyət mərkəzlərindən biridir. Burada Serbiyanın ən qədim mədəniyyət, elm mərkəzləri, muzeylər, teatrlar yerləşir. Təsadüfi deyildir ki, Serbiyanın ilk teatrı 1861-ci ildə bu şəhərdə fəaliyyətə başlamışdır.

Serbiyanın mədəni həyatına daha bir töhfəni Azərbaycan vermişdir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü ucaldılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, büstün yerləşdiyi parkın ərazisində abadlıq işləri aparılmış, şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Mərasimin aparıcısı Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılıq irsi nəinki Azərbaycan xalqının milli sərvətidir, həm də dünya mədəniyyətinin incisidir. Bu dahi insanın musiqisi dünya mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Bəstəkarın yaratdığı musiqi, ədəbi və elmi irs ölməz və əbədidir.

Mərasimdə çıxış edən Novi Sad şəhərinin meri İqor Pabliçiç dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılması münasibətilə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, çoxmədəniyyətli ölkə olan Serbiya digər mədəniyyətlərə hörmətlə yanaşır və Üzeyir Hacıbəylinin büstünün Novi Sadda ucaldılması bu şəhərin sakinləri üçün böyük şərəfdir.

İ.Pabliçiç şəhərin Azərbaycan ilə iqtisadi əməkdaşlıqda maraqlı olduğunu və bu tədbirin ölkələrimiz arasında dostluğu daha da möhkəmləndirəcəyini vurğuladı.
Azərbaycan və Serbiya prezidentləri büstün üzərindəki örtüyü götürdülər.

Dövlət başçıları mərasimdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident!

Hörmətli cənab mer!

Hörmətli xanımlar və cənablar!

Novi Sad şəhərinin əziz sakinləri!

Bu gün Serbiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü Serbiyanın gözəl guşələrindən biri olan Novi Sad şəhərində ucaldılır. Mən sizin hamınızı bu münasibətlə ürəkdən təbrik edirəm. Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisidir. Eyni zamanda, Üzeyir Hacıbəyli Azərbaycan Konservatoriyasının da qurucusudur. Onun ölməz əsərləri bu gün də yaşayır. Üzeyir Hacıbəyli, eyni zamanda, Azərbaycanda çox güclü klassik musiqi məktəbini yaratmışdır. Eyni zamanda, dahi bəstəkarımız Azərbaycan milli himninin də müəllifidir.

1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika yaradılmışdır - Azərbaycan Demokratik Respublikası və onun dövlət himninin müəllifi məhz Üzeyir Hacıbəyli olmuşdur. Azərbaycan müstəqilliyini itirəndən sonra təbii ki, bizim milli himnimiz də səslənmirdi. Ancaq Sovet İttifaqı dağılandan, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan Demokratik Respublikasının milli himni müstəqil Azərbaycan Respublikasının milli himni kimi elan edildi və bu gün bütün rəsmi tədbirlərdə Üzeyir bəyin bu gözəl əsəri səslənir.

Dünən və bu gün ölkələrimizin tarixində çox əlamətdar hadisələr baş vermişdir. Dünən Belqradın Taşmaydan meydanında serb xalqının dahi yazıçısı Milorad Paviçin abidəsi və dahi Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin abidələri ucaldılmışdır. Eyni zamanda, yaxın aylarda Bakı şəhərində serb xalqının görkəmli nümayəndəsi, dünya şöhrətli alim Nikola Teslanın abidəsi də ucaldılacaqdır. Bu gözəl hadisələr xalqlarımızı bir-birinə daha da yaxın edəcəkdir. Əminəm ki, ölkələrimiz də gələcəkdə bir-biri ilə daha da sıx əməkdaşlıq edəcəklər.

Mənim gözəl ölkənizə səfərim bu gün başa çatır. Mən deyə bilərəm ki, səfərin çox gözəl nəticələri vardır. Əminəm ki, Serbiya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələri bu iki gün ərzində daha da möhkəmləndirildi. Ölkələrimiz və xalqlarımız üçün ən ağrılı problemlər olan Kosovo və Dağlıq Qarabağ məsələsi ilə bağlı qarşılıqlı dəstək daha da gücləndirildi və dünən mövqelərimiz yenidən bəyan edildi. İqtisadi əməkdaşlıq haqqında çox ümidverici danışıqlar aparılmışdır və konkret fəaliyyət planı yaxın zamanlarda tərtib ediləcəkdir. Əminəm ki, əldə edilmiş bütün razılaşmalar tezliklə reallaşacaq və Serbiya Balkanlarda, Azərbaycan isə Qafqazda və Xəzər hövzəsində regional əməkdaşlığın dərinləşməsi üçün birgə səylərini göstərəcəklər.

Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə Serbiya Prezidenti cənab Tadiçə, bütün serb xalqına minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə iki ölkənin daha da yaxınlaşması üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm.

Serbiya Prezidentı Boris Tadiçin çıxışı

- Hörmətli cənab Prezident!

Hörmətli cənab mer!

Novi Sad şəhərinin, Voyevodina diyarının hörmətli sakinləri!

Bu gün səhər Azərbaycanın dahi bəstəkarının – Üzeyir Hacıbəylinin abidəsinin açılışında iştirak etməkdən olduqca məmnunam.

Mən xüsusi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, şəhərin belə bir gözəl yerində bu parkın bərpasında və eyni zamanda, bu abidələrin açılışında Azərbaycan tərəfindən olduqca dəyərli yardım göstərilmişdir. Əslində, bu yardımın göstərilməsi ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir, eyni zamanda, musiqi sahəsində də yaxınlaşmağımızı daha da güclü edir.

Gördüyünüz kimi, bu park Avropanın böyük çayı – Dunayın sahilində yerləşir. Zənnimcə, gözəl bir yerdir. Musiqiçilər gəlib burada əsərlərini ifa edə bilərlər. Təbii ki, burada yaşayan sakinlər, vətəndaşlarımız parka gəlib asudə vaxtlarını keçirə, istirahət edə bilərlər. Hesab edirəm ki, bu gün bu hadisənin baş tutması mədəni sahədəki əlaqələrimizə böyük bir töhfədir.

Bir neçə il bundan əvvəl parkda vəziyyət o qədər də ürəkaçan deyildi və istirahət üçün kifayət qədər şərait yox idi. Lakin bundan sonra hökumət qərar qəbul etdi ki, bu çayın sahilində gücləndirici qurğular yaratsın. Eyni zamanda, bu, vətəndaşlara istirahət etmək imkanı yaradır. Digər tərəfdən, burada idmanla məşğul olmaq üçün şərait yaradıldı. Görürsünüz, burada abadlıq, yaşıllaşdırma işləri aparılıb. Həmçinin fəvvarələri görürük və burada digər imkanlar yaradılıb ki, vətəndaşlar gəlib asudə vaxtlarını keçirsinlər.

Bir sözlə, Serbiya gündən-günə, addım-addım gözəlləşir, ölkəmiz yeni sima alır. Bu da bizim gələcəklə bağlı tutduğumuz planların həyata keçirilməsi deməkdir. Bir neçə ildən sonra ölkəmiz daha gözəl olacaqdır.

Mən elə ötən il burada aparılan tikinti işləri ilə yaxından məşğul oldum və bunları izlədim. Bu gün böyük məmnuniyyətlə deyə bilərəm ki, Novi Sad şəhərinin sakinləri üçün yeni körpü salınıb və istismara verilibdir. Bu, çox gözəl bir haldır. Eyni zamanda, bildiyiniz kimi, biz bu gün Macarıstana aparan bir şosenin tikintisi və bərpası ilə məşğuluq. Bundan sonra, gələn illər ərzində Novi Sad şəhərini bir növ bu regionun qovşağına çevirəcək bir sıra digər yeni körpülərin də tikintisi nəzərdə tutulur. Bununla bağlı razılaşmalar vardır. Qarşımızda konkret vəzifələr qoyulubdur. Bu yolların çəkilməsi, şoselərin tikilməsi bizim bu sahədə nailiyyətlərimizi daha da gücləndirəcəkdir. Bundan sonra qeyd etmək istəyirik ki, azərbaycanlı dostların da belə layihələrdə iştirakı bizim tərəfimizdən çox arzu olunandır.

Biz danışıqlarımız zamanı Serbiyada yolların, şoselərin çəkilməsi, o cümlədən dəmir yollarının tikintisi sahəsində Azərbaycan şirkətlərinin iştirakını xüsusilə vurğuladıq. Yəni, demək istəyirik ki, ölkələrimiz arasında əməkdaşlıq sırf yeni qaz boru kəmərinin çəkilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, Serbiyaya enerji daşıyıcılarının gətirilməsi, şaxələndirmənin təmin edilməsi ilə məhdudlaşmır. Bizim görüləcək, həyata keçiriləcək bir çox ümumi layihələrimiz vardır. Bu layihələrin nəticələri artıq göz qabağındadır. Gördüyünüz kimi, biz dünən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak etdik. Həmçinin bildiyiniz kimi, Serbiyanın dahi yazıçısı Milorad Paviçin də abidəsi həmin abidənin yanında ucaldıldı. Eyni zamanda, burada qeyd edildi ki, Serbiya elminin dahi nümayəndəsi Nikola Teslanın abidəsi Bakı şəhərində ucaldılacaqdır. Bununla bağlı qərar vardır. Bir sözlə, atılan bütün bu addımlar ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrini daha da gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada qeyd etdi ki, ölkələrimiz çox ağrılı problemlərlə üzləşib. Burada mən Kosovo və Dağlıq Qarabağ problemlərini nəzərdə tuturam. Amma bu problemlərə baxmayaraq, biz irəliyə doğru addımlarımızı davam etdirməliyik. Söhbət burada iki ölkənin xalqı arasında daha da yaxınlaşmadan gedir. Biz uşaqlarımız, yeni nəsillər üçün yeni sahələr yaratmalıyıq. Bunların tikintisi ilə məşğul olmalıyıq. Təbii ki, mədəniyyət sahəsində yeni layihələr həyata keçirilməlidir, yeni abidələr açılmalıdır. Bütün bunlar bizi daha da yaxınlaşdırır.

Dövlət başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri ölkələr və xalqlar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə müsbət təsir göstərir. Hesab edirik ki, biz ölkələrimiz arasında böyük iqtisadi əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilərik. Bizim ümumi amalımız, məqsədimiz məhz hər iki ölkədə xalqın güzəranını, həyat səviyyəsini daha da yaxşılaşdırmaq və xalqlarımızın gördüyümüz bütün bu işlərdən daha çox fayda götürməsini təmin etməkdən ibarətdir.

Bununla bağlı mən sizin hamınıza uğurlar arzulayıram, bir daha sizi təbrik edirəm. Sağ olun.

X X X

Prezident İlham Əliyev və Prezident Boris Tadiç Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın əsərlərini dinlədilər.

Sonra dövlət başçıları dahi bəstəkarın büstünün yerləşdiyi parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr etdilər.

SƏNƏDLƏRFərmanlar25 iyun 2019
18:45
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respu...

25 iyun 2019, 18:45
SƏNƏDLƏRFərmanlar25 iyun 2019
18:35
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1609-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika...

25 iyun 2019, 18:35
SƏNƏDLƏRFərmanlar25 iyun 2019
18:25
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” 2015-ci il 21 dekabr tarixli 712 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanlarında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci i...

25 iyun 2019, 18:25
SƏNƏDLƏRFərmanlar25 iyun 2019
17:20
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respu...

25 iyun 2019, 17:20
SƏNƏDLƏRSərəncamlar25 iyun 2019
17:20
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki ...

25 iyun 2019, 17:20
SƏNƏDLƏRSərəncamlar24 iyun 2019
18:27
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1599-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terro...

24 iyun 2019, 18:27
SƏNƏDLƏRQanunlar24 iyun 2019
18:23
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Terrorçuluğa qarşı mübarizə haqqında” A...

24 iyun 2019, 18:23