İlham Əliyevin və Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

08 iyun 2011, 16:00

Prezident İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Serbiya prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin mühüm tərəfdaşı adlandırdı. Bildirdi ki, ölkələrimizin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri möhkəmləndirmələri vacibdir. Serbiya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha öz dövlətinin mövqeyini bəyan etdi.

Prezident Boris Tadiç vurğuladı ki, ölkəsi Azərbaycan şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturunda və digər sahələrdə iştirakında maraqlıdır. Bu, kənd təsərrüfatı sahəsinə də aid edilə bilər. Serbiya Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə etməkdə də maraqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan–Serbiya əlaqələri sürətlə inkişaf edir. “Bu cür görüşlər müxtəlif layihələrin müzakirəsi baxımından vacibdir”, – deyən Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı inamın mövcud olduğunu söylədi. Bildirdi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivləri vardır.

Dövlət başçısı Kosovo problemi ilə bağlı Azərbaycanın mövqeyini bir daha Serbiya Prezidentinin diqqətinə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirdi ki, hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəkdir.