İlham Əliyevin Makedoniya Prezidenti George İvanov ilə görüşü

16 mart 2017, 16:50
İlham Əliyevin Makedoniya Prezidenti George İvanov ilə görüşü

Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Georgi İvanov ilə görüşüb.

Prezident İlham Əliyev Makedoniya Prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Makedoniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun artıq çox əhəmiyyətli tədbirə çevrildiyini və burada dünyada gedən siyasi proseslərin müzakirə edildiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq ölkələrimizin iqtisadi, o cümlədən idxal-ixrac və sərmayə imkanlarının araşdırılmasının vacibliyini qeyd etdi.

Makedoniya Prezidenti Georgi İvanov V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı. Georgi İvanov Azərbaycan ilə Makedoniya arasında siyasi münasibətlərin əla səviyyədə olduğunu qeyd edərək iqtisadi sahədə əlaqələri gücləndirməyin zəruriliyini bildirdi.

gallery-photo