Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində İlham Əliyevin nitqi

16 noyabr 2016, 10:15
Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində İlham Əliyevin nitqi

Xanımlar və cənablar, sabahınız xeyir. 

Əvvəlcə bütün qonaqlarımızı salamlayıram. Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşıblar.

Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.

Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub.

Ötən ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etdik. Nəyə görə bərpası deyirəm? Çünki ilk Azərbaycan Demokratik Respublikası təqribən 100 il bundan öncə - 1918-ci ildə yaradılıb. Təəssüf ki, ilk demokratik respublikanın ömrü yalnız iki il olub. Lakin bu iki il vacib illər olub. O dönəmdə ölkəmizin demokratik inkişafının təməli qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Onun əhəmiyyətli nailiyyətlərindən biri Avropanın bir çox dövlətindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi olub.

Müstəqilliyimiz 1991-ci ildə bərpa edildi və biz öz həyatımızı yaşamağa başladıq. Biz ölkəni yenidən qurmalı, siyasi təsisatları yaratmalı, iqtisadiyyatımızı müasirləşdirməli və dünya xəritəsində yerimizi müəyyən etməli idik. Bu illər Azərbaycan xalqının əsas hədəflərə nail olduğunu nümayiş etdirir. Bu gün Azərbaycan beynəlxalq arenada nüfuza malik dövlətdir. Burada bir faktı qeyd etmək kifayət edər. Bir neçə il əvvəl Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Biz bu üzvlüyü 155 dövlətin dəstəyi sayəsində əldə etmişik. Yəni, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti, hətta Azərbaycan ilə fəal siyasi təmaslara malik olmayan ölkələr belə bizim namizədliyimizi dəstəkləyib.

Bu, məsuliyyətli və məntiqlə davranan tərəfdaş ölkəyə - Azərbaycana dəstəyin, bizim beynəlxalq müstəvidə davranışımıza və fəaliyyətimizə verilmiş yüksək qiymətin göstəricisi idi. Bununla yanaşı, belə geniş beynəlxalq dəstəyin əldə olunması onu nümayiş etdirir ki, Azərbaycan müstəqil xarici siyasət aparan ölkədir və bu siyasət regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilir. Bizim xarici siyasətimiz milli maraqlarımız üzərində qurulub və heç kəsə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycan ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir. Bu baxımdan həmin amillərlə yanaşı, Azərbaycanın sürətli siyasi və iqtisadi inkişafı bu geniş beynəlxalq dəstəyin əldə olunmasında mühüm rol oynayıb. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəalıq və bütün bu təşkilatlarda ədalət dəyərini və beynəlxalq hüququ təşviq edirik.

Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir. Dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat “Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir.

Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə “Mültikulturalizm ili” elan edilib. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Biz çoxsaylı beynəlxalq tədbirlər təşkil edirik. Onların sırasında hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da var. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdik. Nailiyyətlərimizin mühüm göstəricisi bu ilin oktyabr ayında Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin Azərbaycana səfəri və çıxışında multikulturalizm və bizim nailiyyətlərimiz haqqında söylədiyi fikirlər olub. O, burada Katolik Kilsəsini, Azərbaycan məscidini ziyarət etmiş, Azərbaycanın bütün dini icmalarının rəhbərləri ilə görüş keçirmiş və Bakıdan, bu zaldan dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri ilə bağlı mesaj vermişdir.

Biz bunu xüsusilə də bugünkü dünyada etnik və dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə bir nailiyyət kimi qəbul edirik. Biz faciələrin, milli və ya dini mənsubiyyətinə görə insanların əzabının şahidi oluruq. Bunlar dərin narahatlıq doğuran hadisələrdir. Bu səbəbdən biz öz gündəliyimizi təklif edirik. Bu, multikulturalizm gündəliyidir. Multikulturalizm iflasa uğramayıb və hesab edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir.

Biz əməkdaşlıq və qarşılıqlı anlaşma gündəliyini təklif edirik. Bunlar müsbət meyillərdir. Bu baxımdan bizim rolumuz əsasən ənənələrimiz və ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayırlar. Eyni zamanda, bu, dünyaya bir mesajdır. Biz tənha bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var və bizim qanunauyğun marağımızdadır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun.

Müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir üzləşdiyimiz problemlər sırasında istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayanır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Bu gün təkcə sovet dönəmində Azərbaycanın tərkibində muxtar vilayət olmuş Dağlıq Qarabağ deyil, ölkənin yeddi digər rayonu da erməni işğalı altındadır.

Bu işğal 20 ildən artıqdır ki, davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bütün aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul ediblər. 1990-cı illərin əvvəlində BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq onlar icra olunmamış qalır. Ermənistan həmin qətnamələrə məhəl qoymur, beynəlxalq ictimaiyyətə saymazlıq edir. Burada ciddi müzakirələr aparılmalı və addımlar atılmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılsın. Eyni zamanda, qətnamələrin icrası ilə bağlı vahid icra üsulu olmalıdır. Çünki bəzi hallarda biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün içərisində icra edildiyinin şahidi oluruq. Bizə gəldikdə isə artıq 20 ildən çox vaxt keçir. Bu, qəbuledilməzdir. Bu, Azərbaycana qarşı ikili standartların göstəricisidir. Biz işğala son qoymalıyıq.

Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı bənzər qərar və qətnamələr qəbul ediblər, ancaq onlar da kağız üzərində qalmaqdadır.

Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız ermənilər tərəfindən dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyası da bu faktları təsdiq edib. Burada, Bakıda siz dövlətin himayəsi altında olan, təmir edilmiş erməni kilsəsini ziyarət edə bilərsiniz. Ancaq işğal edilmiş Dağlıq Qarabağda və digər rayonlarda bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb.

Münaqişə ən qısa zamanda öz həllini tapmalıdır. Bu həll beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər dövlətin ərazi bütövlüyü qədər dəyərlidir. Biz tez-tez eşidirik ki, postsovet məkanında olan digər münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Həmin prinsip Azərbaycana da şamil olunmalıdır.

Bu nəhəng siyasi, iqtisadi və sosial yükə baxmayaraq, Azərbaycan inkişaf edir. Biz bu inkişafa sadiqik. Biz daha güclü dövlət yaratmalıyıq, bütün sosial vədlərimizə əməl etməliyik, iqtisadiyyatımızı şaxələndirməliyik və daha güclü olmalıyıq. Təəssüf ki, bu gün dünyada bir çox hallarda beynəlxalq hüquq pozulur və təcavüzkarı işğala son qoymağa məcbur edəcək siyasi mexanizmlər yoxdur. Bu səbəbdən biz əsas diqqəti ölkənin iqtisadi inkişafına yönəltmişik. Hesab edirəm ki, nailiyyətlərimiz olduqca böyükdür.

Bu gün Azərbaycan müasir, inkişafda olan, özünü təmin edən ölkədir, güclü və şaxələndirilmiş iqtisadiyyata malikdir. Sosial təminat yüksək səviyyədə təmin edilir, bütün iqtisadi proqramlarımız həyata keçirilib, onların bəziləri hətta vaxtından əvvəl icra olunub. Son 13 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Biz yoxsulluğun öhdəsindən gələ bilmişik və bu gün bu göstərici 5 faiz səviyyəsindədir. İşsizlik də təqribən həmin səviyyədədir.

Mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı inkişaf baxımından yüksək mövqelərə layiq görürlər. Məsələn, Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadi rəqabətliliyinə görə 37-ci yerə layiq görüb. Bu isə dünya miqyasında aparıcı mövqelərdən biridir. Öz növbəsində bu, onu nümayiş etdirir ki, bizim iqtisadiyyatımız rəqabətlidir, şaxələndirilmişdir və yalnız bir mənbədən - enerji mənbəyindən asılı deyil. Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq.

Qarşılıqlı maraq üzərində qurulmuş geniş regional əməkdaşlığın yaradılması istiqamətində tərəfimizdən böyük səylər göstərilir. Xüsusilə də enerji və nəqliyyat sahələrində. Bizim təşəbbüslərimiz artıq öz bəhrəsini verir. 1990-cı illərin ortalarında Azərbaycan tərəfindən irəli sürülmüş enerji layihələri regionumuza firavanlıq gətirib. Biz Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkə olmuşuq. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir.

Bu gün biz “Cənub Qaz Dəhlizi” adlanan qlobal enerji layihəsi üzərində çalışırıq. Onun icrası nəticəsində biz bir sıra ölkələr üçün etibarlı qaz ixracatçısına çevriləcəyik. Layihənin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır. Bu gün biz artıq “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan 7 dövlətlə sıx əməkdaşlıq yaratmışıq. Gələcəkdə isə yeni ölkələr layihəyə qoşulacaq ki, bu da bizə öz ehtiyaclarımızı təmin etməyə, böyük qaz ixracatçısına çevrilməyə, tranzit və istehlakçı dövlətlərə isə yeni enerji mənbəyi əldə etməyə imkan yaradacaq. Hər bir dövlətin öz iqtisadiyyatını və sənayesini inkişaf etdirmək üçün buna ehtiyacı var.

Bizim enerji siyasətimiz milli maraqlarımıza və əməkdaşlığa əsaslanır. Hesab edirəm ki, Azərbaycan, qeyd etdiyim kimi, bu sahədə də qarşılıqlı marağa söykənən çox məsuliyyətli yanaşma nümayiş etdirir. Biz yalnız belə olan halda məqsədimizə nail ola bilərik. Layihənin bütün iştirakçıları gəlir paylarını əldə etməlidir və biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik. Düşünürəm ki, bu sahədəki nailiyyətlərimiz artıq nəzərdən keçirilə bilər.

Eyni sözləri bizim etibarlı nəqliyyat dəhlizinin yaradılması təşəbbüsümüz haqqında da demək olar. Biz üstün coğrafi mövqeyə malikik. Ancaq müvafiq infrastruktur olmadan bu coğrafiya o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu səbəbdən bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın yaradılmasına yönəldilib. Xüsusilə də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində. Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan ərazisindən hərəkət edib. Bundan başqa, icra edilməkdə olan digər layihə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Azərbaycan bu layihənin icrası çərçivəsində vacib tədbirlər görmüş və mühüm addımlar atmışdır. Xəritəyə nəzər salsanız aydın olar ki, hər iki dəhliz əlavə fəaliyyət sahəsi yaradacaq, artımı və sənayenin inkişafını stimullaşdıracaq, müxtəlif dövlətlərə və şirkətlərə vaxta qənaət etməklə yüklərini ixrac etmək imkanı verəcək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri vasitəsilə yük nəql edən şirkətlər iki həftəyədək vaxta qənaət etmiş olacaqlar.

Təbii ki, burada sərmayəyə ehtiyac var. Biz həm sərmayə yatırır, həm də bu layihələrin icrası üçün digər tərəfdaşlarımıza maliyyə dəstəyi veririk. Bunun məqsədi isə yenə də regional əməkdaşlıq, proqnozlaşdırılma, iqtisadi mənfəət və təhlükəsizlikdir. Çünki təhlükəsizlik olmasa, qeyd etdiyim heç bir layihənin icrası mümkün olmaz. Təhlükəsizliklə bağlı narahatlıq artmaqdadır. Ətrafımızda vəziyyət getdikcə gərginləşir, yeni narahatlıq mənbələri, qarşıdurma, qan tökülməsi, müharibələr meydana gəlir və bu da bizi dərindən narahat edir.

Bizim siyasətimiz hər zaman risklərin azaldılmasına hesablanır. Bu gün Azərbaycanda olan vəziyyət onu nümayiş etdirir ki, bu, təkcə bizim ölkə üçün deyil, bütün region üçün düzgün siyasətdir.

Müstəqilliyimizin 25 illiyindən bəhs edərkən sosial təminatın gücləndirilməsi və sosial infrastrukturun yaradılması sahəsində görülən işləri qeyd etmək lazımdır. Sosial layihələrin icrası sırasında ən vaciblərindən biri qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi olmuşdur. Bu qəbildən olan 250 min nəfər yeni evlərlə və mənzillərlə təmin edilmişdir. Təhsil infrastrukturuna böyük vəsait yatırılmış, Azərbaycanda 3 mindən artıq yeni məktəb inşa edilmişdir. Biz fəxr edə bilərik ki, Azərbaycanda savadlılıq 100 faiz səviyyəsindədir. Bu isə bizə inkişaf etmək imkanı yaradacaq. Çünki hazırda dünyada inkişaf təbii sərvət üzərində deyil, bilik, müasir texnologiya və təhsil üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Təhsil bizim əsas prioritetlərimizdən olub, bu gün də prioritetdir və gələcəkdə də prioritet olaraq qalacaq.

Azərbaycan haqqında danışarkən tərəfimizdən təşkil olunan, tərəfdaşlığa və dostluğa yönəlmiş beynəlxalq tədbirləri qeyd etmək istərdim. Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Onlardan iki idman tədbirini qeyd etmək istərdim. O tədbirlər ki, onun mahiyyəti yalnız idmanla məhdudlaşmır. Birincisi, ilk Avropa Oyunlarıdır. Oyunlar ötən il Bakıda təşkil edilmişdi və onlar iki nöqteyi-nəzərdən rəmzi xarakter daşımışdır. Birincisi, ona görə ki, bu günədək digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları təşkil edilməmişdir. İkinci isə ilk Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsidir. Bu, qarşılıqlı anlaşmanın çox mühüm göstəricisi idi və mən avropalı tərəfdaşlarımıza oyunlara ev sahibliyi etmiş Azərbaycanı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm. Bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində təşkil olunmuşdur və həqiqətən də birlik və dostluq festivalına çevrilmişdir.

Gələn il biz IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Yəni, iki il içərisində bir şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları təşkil edilmiş olacaq. Bir az əvvəl qeyd etdiyim fikrə qayıtmaq istəyirəm - əlaqə, multikulturalizm, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət. Budur, bizim təşviq etmək istədiklərimiz. Təbii ki, güclü media dəstəyi olmasa, biz bu sahədə uğur əldə edə bilmərik. Əlbəttə, medianın hansı formada fəaliyyət göstərməli olduğu haqda danışmayacağam, çünki bu, mənim işim deyil.

Bir dövlət başçısı və siyasətçi kimi, əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir. Çünki medianın rolu gündən–günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı – burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.

Bu səbəbdən sizin bugünkü toplantınız və Konqresiniz bu mühüm məsələləri nəzərdən keçirəcək. Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq.

Sizi ölkəmizdə bir daha salamlayıram. Şadam və fərəhlənirəm ki, biz belə mötəbər qlobal tədbirə ev sahibliyi edirik. Konqresə uğurlar arzu edirəm.

Bir daha təşəkkür edirəm.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10