Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14 iyul 2016, 12:50
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, Sizin Azərbaycana birinci səfərinizdir və mən şadam ki, səfər çox uğurlu keçir. Bu gün apardığımız danışıqlar, imzalanan sənədlər bunu bir daha təsdiqləyir.

Biz Sizinlə bu ilin əvvəlində Davosda görüşmüşdük. O görüşün çox böyük əhəmiyyəti vardır. Çünki o görüşdən sonra Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində çox önəmli addımlar atılmışdır. Ondan sonra Ukraynadan Azərbaycana yüksək vəzifəli nümayəndə heyətləri gəlməyə başlamışdır. Bu ayın əvvəlində hökumətlərarası komissiyanın iclası keçirilmişdir və bu gün biz Sizi Azərbaycanda rəsmi səfərdə qarşılayırıq.

Fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul edib Azərbaycana gəldiyiniz üçün Sizə minnətdaram.

Bu gün həm təkbətək görüşdə, həm də Prezidentlər Şurasının iclasında Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilmişdir. Şuranın gündəliyi çox geniş idi. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz.

Siyasi əlaqələrin inkişafı geniş müzakirə edildi. Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik.

İqtisadi məsələlərə gəldikdə, bu sahədə çox böyük potensial var. Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, - biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda, Azərbaycanın artıq çox geniş ixrac imkanları vardır və Ukrayna bazarı – böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilmişdir.

Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var.

Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə - 200 milyon dollardan çox sərmayə qoyubdur, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir.

Eyni zamanda, vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verildi. Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var.

Bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin.

Mən Prezidenti məlumatlandırdım ki, biz yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismarını təmin edəcəyik. Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan da istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq.

Birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparıldı. Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda, hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edildi.

Humanitar sahədə əməkdaşlığın çox böyük əhəmiyyəti var. Azərbaycanda yaşayan ukraynalılar, Ukraynada yaşayan azərbaycanlılar əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Eyni zamanda, mədəniyyətlə, təhsillə, turizm imkanlarının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Mən bu danışıqlardan çox məmnunam, çox razıyam. Onlar çox konkret xarakter daşıyırdı. Nümayəndə heyətlərinin üzvləri hər bir konkret layihə haqqında arayışlar vermişlər, məruzələr söyləmişlər. Əminəm ki, müzakirə edilmiş hər bir məsələ ilə bağlı yaxın gələcəkdə konkret nəticələr olacaq.

Mən Prezidentlər Şurasının iclasını bütövlükdə çox yüksək qiymətləndirirəm və əminəm ki, gələcəkdə Ukrayna-Azərbaycan əlaqələri bu gün Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək.

Bir daha qeyd etmək istəyirəm ki, Prezident Poroşenkonun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrimizin indiki mərhələsində çox önəmli, çox ciddi siyasi addımdır. Əminəm ki, bu səfərin gözəl nəticələri gələcəkdə Ukrayna və Azərbaycan dövlətlərini, xalqlarını bir-birinə daha yaxın edəcəkdir.

Cənab Prezident, bir daha xoş gəlmisiniz və Sizə gözəl səfər arzulayıram.

X X X

Ukrayna Prezidenti Petro Poroşenkonun bəyanatı

Azərbaycana səfərə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirən Ukrayna Prezidenti Petro POROŞENKO dedi:

- Səmimi olaraq deyə bilərəm ki, bu səfər məndə çox böyük təəssürat oyadıb. Bakı qədim tarixi və müasirliyi özündə ehtiva edən bir şəhərdir. Şəhərin böyüklüyü Azərbaycan xalqının nə dərəcədə qüdrətli və böyük xalq olduğunu nümayiş etdirir. Mən dünən gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim, köhnə şəhərdə - İçərişəhərdə ekskursiyada oldum.

Bu gün burada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlamaya bilmərəm. Çünki müasir Azərbaycanın banisi məhz bu şəxs olmuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün bu dərəcədə çiçəklənən müasir ölkəyə çevrilmişdir. O ölkəyə ki, onunla beynəlxalq müstəvidə hər kəs hesablaşır.

Prezident Petro Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ukrayna Prezidenti iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə də toxunaraq dedi:

- Düşünürəm ki, ən perspektivli layihələrdən biri, – cənab Prezident də onu qeyd etdi, - Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaqdır. Burada - Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir. Düşünürəm ki, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaqdır.

Biz yanacaq və energetika sahəsində əməkdaşlığımızı müzakirə etdik. Burada söhbət Azərbaycanın ehtiyatlarının və Ukraynanın tranzit ehtiyatlarının tətbiq edilməsindən gedir.

Ukrayna dövlətinin başçısı iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq qeyd etdi:

- BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi olmuşdur və orada da Ukrayna daim müdafiə edilmişdir. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə, biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.

Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur.

Prezidentlər Şurasının Beşinci İclasının nəticələrini bir daha yüksək qiymətləndirirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu çox səmimi atmosferin yaradılmasına və yüksək səviyyədə danışıqların aparılmasına görə təşəkkürümü bildirirəm.

Cənab Prezident, Sizi növbəti iclasımızı ən yaxın gələcəkdə - ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində keçirmək üçün Ukraynaya dəvət edirəm. Təşəkkür edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo