İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişdir

27 fevral 2011, 18:00

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər.

Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Dövlətimizin başçısının Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər.

Kompleksin inşa olunduğu əraziyə gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri qarşıladılar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin lift bazasının anbarı ilə də tanış oldular.

Daha sonra dövlətimizin başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədi ilə işə saldı.

Bildirildi ki, kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır.

Azərbaycan Prezidenti kompleksin yeni texnikaları ilə də tanış oldu.

Qeyd edildi ki, kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır. Kompleksin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəkiləcəkdir. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa olunan 982 metrlik məsafəsi olan lift isə artıq istifadəyə verilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xizək sürdülər.

Məlumat verildi ki, mərkəzdə süni qardüzəltmə komplekslərinin layihələndirilməsi və süni qardüzəltmə qurğularının quraşdırılması işlərini isə İtaliyanın bu sahədə dünya şöhrətli “TeknoAlpen EC” şirkəti həyata keçirmişdir. Şahdağ Qış-Yay Turizm Kompleksində lazım olan qar örtüyünü təmin etmək üçün isə “T-60” markalı 69 ədəd süni qarlandırma generatorları quraşdırılmışdır. Buz generatorlar xizək zolaqlarInda keçirilən ilk sınaq zamanı öz səmərəliliyini göstərdi.

Yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı İlham ƏLİYEV idmanın və turizmin inkişafı istiqamətində həyata keçirilən geniş infrastruktur layihələrindən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək dedi:

- Bu gün ölkəmizin həyatında çox gözəl və əlamətdar bir gündür. İlk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Birinci xizək trassası hazırdır və bu gün biz bu trassanın açılışını qeyd etdik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Azərbaycan tarixində heç vaxt dağ-xizək kurortları olmamışdır. Heç sovet dövründə də olmamışdır. Bu gün isə müstəqil Azərbaycan artıq böyük işlərə qadirdir. Biz ölkəmizi inkişaf etdiririk, müasirləşdiririk. Müstəqil Azərbaycanın bütün bölgələri inkişaf etməlidir.

Bu dağ-xizək kurortunun fəaliyyətə başlaması nəticəsində burada minlərlə yeni iş yerləri açılacaq, insanlar işlə təmin olunacaq, yaxşı maaş alacaqlar. Şimal zonasının inkişafı üçün bu kurortun çox böyük əhəmiyyəti vardır. Qusar, Quba və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunacaqlar, burada ən yüksək xidmət təşkil ediləcəkdir. Müasir hotellər, əyləncə yerləri tikilir. Bu qaldırıcılar artıq fəaliyyətə başlayır. Bir sözlə, əminəm ki, ölkə sakinləri və respublikamıza gələn qonaqlar üçün burada ən yüksək şərait yaradılacaqdır.

Biz bu turizm mərkəzini yaratmaq fikrində olarkən bir məqsədi güdürdük ki, burada tikiləcək və yaradılacaq bütün infrastuktur ən yüksək səviyyəyə cavab versin. Dünyanın ən qabaqcıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ-xizək imkanları araşdırıldı və burada ən qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq olunur. Mən ümid edirəm ki, burada birinci mərhələni əhatə edən bütün işlər yaxın zamanlarda başa çatacaq və beləliklə, bu ilin sonuna qədər artıq bu gözəl kurort qapılarını insanlara, Azərbaycan sakinlərinə açacaqdır. Bu, böyük tarixi hadisədir. İlk dəfə olaraq Azərbaycanda dağ-xizək kurortu yaradılır.

Mən ümid edirəm ki, gələcək illərdə burada əlavə investisiyalar qoyulacaqdır. Birinci mərhələdə bütün investisiyalar dövlət tərəfindən qoyulur. Yollar, elektrik, qaz, su xətləri dövlət tərəfindən çəkilir. Bütün infrastuktur, birinci mehmanxana dövlət hesabına tikilir. Mən çox ümid edirəm ki, bundan sonra isə özəl sektor, investorlar və yerli iş adamları bu gözəl bölgəyə sərmayə qoyacaqlar. Burada çox müasir və böyük turizm mərkəzi yaradılacaqdır.

Bu il Azərbaycanda “Turizm ili” elan olunub və bu il Bakıda və başqa şəhər və rayonlarımızda bir neçə müasir mehmanxana istifadəyə veriləcəkdir. Onlardan biri də bax burada - Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Mərkəzində açılacaqdır. Gələcək illərdə isə qoyulacaq sərmayə buranı dünyanın bir nömrəli turizm mərkəzinə çevirəcəkdir. Bu reallığı biz yaratdıq.

Mən birinci dəfə burada olarkən ərazidə heç nə yox idi. Boş dağlar idi, qar idi. Bu ətrafda heç yaşayış məntəqəsi də yoxdur. Bu yeri seçməklə və xarici mütəxəssisləri bu işə cəlb etməklə biz əfsanəni reallığa çevirdik. Bu kurortun yaradılması turizmin inkişafı ilə bərabər, eyni zamanda, ona görə əhəmiyyətlidir və onu göstərir ki, müstəqil Azərbaycan böyük işlərə qadirdir. Biz qarşıya vəzifə qoyuruq və ən yüksək keyfiyyətlə, ən yüksək səviyyədə icra edirik.

Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl mərkəzdə fəaliyyət göstərən şirkətklərə, Azərbaycan mütəxəssislərinə, inşaatçılara minnətdarlığımı bildirmək istəyirəm ki, burada işlər yüksək səviyyədə görülür. Yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, ilin sonuna qədər Azərbaycan vətəndaşları bu gözəl imkanlardan istifadə etməyə başlayacaqlar. Bir daha sizi təbrik edirəm.

Dövlət başçısı və xanımı istifadəyə verilən ilk kanat yolunu sınaqdan keçirdilər.

Sonra Prezident İlham Əliyev inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirdi. Onlar layihənin icrası istiqamətində görülən və gələcəkdə həyata keçiriləcək işlər barədə dövlətimizin başçısına məlumat verdilər.

Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışının mühüm hadisə olduğunu deyən Prezident İlham Əliyev ilk dəfə ölkəmizdə dağ-xizək kompleksinin inşa edilməsini böyük uğur kimi dəyərləndirdi.

Dövlət başçısı bu sahəni inkişaf etdirmək və dünya səviyyəli beynəlxalq turizm mərkəzinə çevirmək üçün qarşıya qoyulan əsas işlərə artıq başlanıldığını bildirdi. Prezident İlham Əliyev kompleksin ərazisində lazımi sosial infrastrukturun və təcrübə bazalarının yaradılmasının, o cümlədən yolların genişləndirilməsinin zəruriliyini vurğuladı. 


Azərbaycan Prezidenti layihənin ikinci fazasının həyata keçirilməsi ilə bağlı inşaatçılara müvafiq tapşırıqlarını verdi.

Sonra dövlət başçısı və xanımı layihənin növbəti mərhələlərində inşa olunacaq tikililərin maketi ilə tanış oldular.