İlham Əliyev Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib

18 may 2015, 12:30

Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz.

Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal Forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir.

Bu gün yüzdən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün Forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır.

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.

Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.

Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi.

Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır. Bildiyimə görə, Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib. Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub. Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamışıq, müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz müstəqilik, ancaq bu müsbət meyil davam edir və bu dəyərlərin təşviqi məsələsinə sadiqik.

Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki, təhsildir. Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr Forumun diqqət mərkəzində olacaq və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də maraq doğuracaq. Çünki biz də bu gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq standartlara çatdırırıq. Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür.

Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Bakı bu gün belə məsələlərin müzakirə edildiyi məkandır.

Müstəqil Azərbaycan nisbətən gənc dövlətdir, yalnız 24 ildir ki, müstəqildir. Lakin bu illər islahat, transformasiya, inkişaf illəri olub. Biz dövlətimizi qurmaq fürsəti əldə etdik. Biz ənənələr və mədəniyyət ölkəsiyik. Siz Bakının abidələrini görürsünüz. Ölkəmizin digər yerlərinə səyahət etsəniz xalqımızın memarlıq, tarixi və dini abidələrini görərsiniz. Bu da bizim mədəni irsimizin bir hissəsidir. Ancaq müstəqil ölkə kimi biz gəncik və biz dövlətimizi, siyasi sistemimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda bizim ölkəmizin təcrübəsi onu nümayiş etdirib ki, inkişafa, tərəqqiyə sadiqlik, cəmiyyətin dəstəyi varsa, transformasiya uğurlu ola bilər.

Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzindədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr regionun hüdudlarını aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Nəqliyyat infrastrukturuna gəldikdə, biz bu gün tarixi İpək Yolunu bərpa edirik. Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsini yaradırıq. Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil, xalqlararası təmaslara sərmayə yatırırıq. Tarixi İpək Yolu Azərbaycandan keçmişdir. Biz bu gün onu müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştiraki ilə bərpa edirik. İqtisadi və sosial inkişafla bağlı bütün layihələrimiz regional əməkdaşlığı, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Bununla yanaşı, beynəlxalq arenada oynadığımız rol dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Biz fəxr edirik ki, müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində Azərbaycan 155 dövlətin dəstəyi ilə ən mötəbər beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti bizi dəstəkləmişdir. Səmimi deyə bilərəm ki, bizim heç də bu 155 dövlətin hər biri ilə fəal əlaqələrimiz yoxdur. Lakin düşünürəm ki, müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində bizim etibarlı tərəfdaş kimi davranışımız, birgə dəyərlər və milli maraqlara əsaslanmış müstəqil mövqeyimiz ölkəmizə müsbət münasibət yaratmışdır.

Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq. Müstəqilliyi bərpa etdikdə biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.

Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımıza əsaslanan iqtisadi siyasət müstəqilliyimizin ilk illərində müəyyənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan vermişdir. Bu da iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik.

Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik.

Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlərimiz çoxdur. Halbuki Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı, biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.

Üç həftədən, yəni, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.

2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib.

Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

X X X

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz AL-NASSER dedi:

- Azərbaycan Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri.

Xanımlar və cənablar.

Belə bir mötəbər toplantıda ikinci dəfə çıxış etmək üçün gözəl Bakı şəhərinə yenidən gəlməyimdən olduqca məmnunam. Eyni zamanda, BMT-nin baş katibi cənab Pan Gi Munun səmimi salamlarını çatdırmaqdan çox şadam. O, bizim Forumumuza uğurlar arzu edir. BMT-nin Sivilizasiyalar Alyansı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan hökuməti və bütün digər təşkilatlarla qurduğu tərəfdaşlıqdan şərəf hissi duyur və hazırlıq işlərini azərbaycanlı tərəfdaşları ilə əlaqələndirib.

Bu il keçirilən Forumun mövzusu “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”dır. 2015-ci ilin sentyabrında dünya liderləri 17-ci davamlı inkişaf məqsədlərini qəbul etmək üçün toplaşacaqlar. Bu baxımdan Alyansın məramı sülhsevər və inklüziv cəmiyyətlərin qurulması zərurətini qeyd edən 16-cı davamlı inkişaf məqsədinə tam oxşardır. BMT-nin gördüyü işin əksər hissəsi və həmin yeni davamlı inkişaf məqsədləri vasitəsilə həll etməyə çalışdığımız məsələlərin çoxu 2030-cu ilə qədər fəaliyyətimizi istiqamətləndirəcək. Davamlı inkişaf və qlobal təhlükəsizliyə nail olmaq üçün irəliləyişə əngəl törədən bir sıra problemləri aradan qaldırmağa yardım edəcək. Təcridolunma, iqtisadi məhdudiyyətlər, qeyri-bərabərlik, düzgün idarəçiliyin çatışmaması XXI əsrdə dünyamızı zəiflədən sosial ədalətsizlik nümunələrindən biridir.

Xanımlar və cənablar. Bu gün biz “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunu müzakirə etdiyimiz zaman müxtəliflik məfhumunu xatırlatmaq çox yerinə düşərdi. Bu zala nəzər saldıqda burada müxtəlif ölkələrdən gəlmiş çoxlu sayda fərqli insanları görürəm. Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın özü müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaikadır.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi dünyada gedən inkişaf proseslərinə baxmayaraq, müxtəlif ölkələrdə münaqişələrin baş verməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırdı. Gənc nəsli hədəf seçən radikalizmin, ekstremizmin və münaqişələrə səbəb olan digər halların qarşısını almaq üçün kollektiv tədbirləri, dialoqları, məsləhətləşmələri genişləndirmək zərurətindən danışan Abdulaziz Al-Nasser bu baxımdan Bakı Forumunun xüsusi önəm daşıdığını vurğuladı. O, bununla əlaqədar BMT-nin Azərbaycan ilə əməkdaşlığa verdiyi əhəmiyyətdən danışaraq dedi:

- Cənab Prezident, mən bildirmək istəyirəm ki, ötən il biz burada - gözəl Azərbaycanda olduq və tədbirimizi keçirdik. Mən istərdim ki, bizim əməkdaşlığımız bundan sonra da davam etsin. Çox sağ olun.

X X X

Sonra UNESCO-nun baş direktoru İrina BOKOVA çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti, Zati–aliləri cənab İlham Əliyev.

Zati-aliləri, nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən şərəf hissi duyuram. “Bakı prosesi” 2008-ci ildə başlanıb. Hər gün biz Zati-aliləri cənab İlham Əliyevin bu təşəbbüsünün uzaqgörənliyinin şahidi oluruq. Bu rəhbərlik keyfiyyətləri Azərbaycanın İpək Yolu kimi mədəniyyətindən, onun qədim tarixindən irəli gəlir. Biz bunu Bakının UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş İçərişəhərinin timsalında görürük. Mən bunu UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri üzrə xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın bu işlərə böyük sadiqliyində görürəm. Biz bunu Azərbaycanın qeyri-maddi mədəni irsində, o cümlədən UNESCO-nun reprezentativ siyahısına daxil edilmiş qədim xalçaçılıq sənəti, Türkiyə, Hindistan, İran, Qırğızıstan, Pakistan və Özbəkistanla birgə siyahıya salınmış Novruz bayramının timsalında görürük.

Elə ötən həftə UNESCO bu tarixi nümayiş etdirən “Azərbaycan qədimlikdən müasirliyə doğru” adlı gözəl sərgini qəbul etdi. Həmin sərgidə Məhsəti Gəncəvinin əsərləri təqdim olundu. 2013-cü ildə həmin rəhbərlik keyfiyyətlərini təcəssüm etdirən qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komissiyasının 8-ci sessiyası Bakıda keçirilmişdir. Bu tədbir böyük uğurla nəticələndi, bizim hamımızı burada bir araya gətirdi.

Xanımlar və cənablar, bu gün bizim buna heç vaxt görünməmiş dərəcədə ehtiyacımız var. Bu il UNESCO özünün 70-ci ildönümünü qeyd edir və mən inanıram ki, məramımız heç vaxt görünməmiş dərəcədə əhəmiyyətlidir. Biz bütün dünyada ölkələri parçalayan, insanlara əzab verən münaqişələri görürük. Biz zorakı ekstremizmin, etnik təmizləmənin artmasını görürük. Biz məscidlərin, kilsələrin və digər məbədlərin dağıdıldığını, azlıqların təqib olunduğunu görürük. Biz təhsilə, uşaqlara, xüsusən məktəbli qızlara hücumları görürük. Biz ifadə azadlığına hücumları, jurnalistlərin qətlə yetirildiyini görürük. Biz cəmiyyətlərin digərlərinin üzünə bağlandığını görürük. Dünyadakı mövqeyimiz, UNESCO-nun mövqeyi, “Bakı prosesi”nin mövqeyi bu baxımdan görünməmiş dərəcədə əhəmiyyətlidir.

İrina Bokova dünyada mövcud olan münaqişələr zamanı məscidlərin, kilsələrin, tarixi abidələrin məhv edildiyini, insan hüquqlarının tapdandığını təəssüf hissi ilə qeyd etdi. Bütün bunların qarşısını almaq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsində “Bakı prosesi” ilə UNESCO-nun mövqeyinin üst-üstə düşdüyünü vurğuladı.

UNESCO-nun baş direktoru mədəniyyətlər, qruplar, xalqlar arasında nifaqlara, insanların kateqoriyalara bölünməsinə çalışan qüvvələrə qarşı ümumi dəyərlərlə mübarizə aparılmasının zərurətindən danışdı və bu mübarizəyə maraqlı olan insanları bir araya gətirən “Bakı prosesi”nə minnətdarlığını bildirdi.

X X X

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin MƏDƏNİ Forumda müzakirə olunan məsələlərin aktuallığından danışdı. Çıxışında multikulturalizm məsələsinə toxunan baş katib bəzi dairələrin iddialarına baxmayaraq, indiki dövrdə bu məsələnin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı və artıq multikulturalizm mərkəzinə çevrilmiş Bakı haqqında təəssüratlarını danışaraq dedi:

-Zati-aliləri, Bakıda olmağımızdan çox şadıq. Bu şəhər hər zaman bizi təəccübləndirir. Hər dəfə gələndə sanki yeni şəhərdəyik. Çox dinamik, çox inkişaf edən bir şəhərdir. Bilirsiniz, nəinki coğrafi, memarlıq baxımından da maraqlı şəhərdir. Burada xoş ab-hava, mehriban qonaqpərvərlik, çoxmədəniyyətlilik mövcuddur. Yəni, bizim fikrimizcə, Azərbaycanın coğrafi mövqeyi sırf müxtəlifliklə, tarixiliklə bağlı deyil. Bu, həmçinin ölkə rəhbərliyinin müdrikliyi, onun uzaqgörən siyasəti ilə bağlı olan məfhumdur.

Zati-aliləri, xanımlar və cənablar,

Biz çox çətin bir dövrdə yaşayırıq. Belə olan halda güclü rəhbərlik keyfiyyətləri tələb olunur. Mədəniyyətlərarası dialoq sırf görüntü, hər hansı bir müzakirə aparmaq naminə tətbiq edilməli deyil. Biz öz imicimizi məhz ətrafımızdakı ağır reallıqlar baxımından inkişaf etdirməliyik. Öz üzərimizə öhdəlik götürməliyik ki, biz bir-birimizi anlayaq, reallıqlarımızı görək, bir-birimizə dözümlü olaq. Bir-birimizə, tərəfdaşlarımıza hörmətlə yanaşaq, bizim dəyərlər sistemimizə digər sistemləri qoşa bilək. Yəni, əgər bunları etiraf etsək, dünyanın hüdudları bizə o qədər də çox görünməz. Hörmətli qonaqlar, ona görə, əgər biz qlobal kənd haqqında danışırıqsa bu qlobal kənd, bu qlobal ictimaiyyət müxtəliflik daxilində yaşamağı bacarmalıdır, bu çərçivədə olmalıdır. Çünki biz bəzi hallarda bu haqda çox düşünürük, bəzi dairələr də düşünür, lakin biz bunu, həmçinin yaymalıyıq. Biz böyük ümidlə yaşayırıq ki, vaxt ötdükcə səylərimizi daha da gücləndirəcəyik. Biz bu Foruma dəstək vermək, tərəfdaş qismində çıxış etməkdən də fərəhlənirik. Biz BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə işlədik, ISESCO ilə əməkdaşlıq etdik. Bizə bu cür forumlar, toplantılar lazımdır.

Dünyanı narahat edən problemlərin birgə səylərlə həllinin mümkünlüyündən danışan İyad bin Amin Mədəni həmin səyləri birləşdirməyin yollarını və üsullarını müzakirə etmək üçün Bakıda yaradılan şəraiti yüksək dəyərləndirərək vurğuladı:

-Biz bilirik ki, dünyada bu ayrı-seçkiliyin, təcrid olunmanın aradan qaldırılması birgə səylərimizlə mümkündür. Bu baxımdan mədəniyyətlərin və dinlərin, müxtəlif baxışların tətbiq edilməsi çox vacibdir. Biz bununla paylaşmalıyıq və bu gün də Bakıda - Azərbaycanın paytaxtında bu fikirlərlə paylaşırıq.

Cənab Prezident, Sizi burada görməkdən böyük şərəf hissi duyuruq. Biz bilirik ki, Siz bizim bu mövqeyimizlə yekdilsiniz. Siz bizim bu səylərimizə dəstək verirsiniz və bu, bizim üçün çox vacibdir. Çünki burada əyləşən şəxslər bilirlər ki, bu binanın memarı xanım Zaha Hadiddir. Bildiyiniz kimi, o, tanınmış memardır. Məhz belə insanların töhfəsi ilə biz hər bir mədəniyyət hüququnu, hər bir insan hüququnu təmin etməliyik. Biz bundan şərəf hissi duyuruq.

Nəhayət, cənab Prezident, xanımlar və cənablar, əgər bizim əsrimiz özünəməxsusluq, identiklik əsridirsə, bu, həmçinin tolerantlıq, digərlərinin mədəniyyətlərinin etirafı əsri olmalıdır. Biz tək yaşamalı deyilik. Biz paylaşmalı, tərəfdaş kimi çıxış etməliyik. Bu imkanı yaratdığınıza görə çox sağ olun.

X X X

Sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-TÜVEYCRİ çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident.

Hörmətli birinci xanım.

Zati-aliləri, xanımlar və cənablar.

Belə bir mötəbər toplantıda Sizin qarşınızda çıxış etməkdən böyük şərəf və iftixar hissi duyuram. Mən III Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm, böyük məmnuniyyətlə ölkənizə, paytaxt şəhərinizə gəlmişəm. Sizin şəhəriniz beynəlxalq səylərin məhz mərkəzində dayanır. Lakin bundan öncə, icazə verin, mən öz təbriklərimi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə çatdırım. Onun davamlı şəkildə göstərdiyi səyləri, belə bir çiçəklənən ölkəni yaratmaq üçün gördüyü işləri yüksək dəyərləndiririk. Bu fəaliyyət nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı irəliləyiş, müasirlik və sabitliyin nümunəsinə çevirib.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar. Bu Forum artıq üçüncü dəfədir ki, bizi bir araya gətirir. Bu tədbir beynəlxalq miqyas baxımından mədəniyyətlərarası dialoqa, sivilizasiyalar alyansına, xalqlar və dövlətlər arasında ahəngdar həyata həsr olunmuş mühüm beynəlxalq tədbirdir. Təbii ki, bu Forum mən görürəm, artıq öz məqsədlərinə nail olur və onun məqsədi məhz gərginliyin və böhranların aradan qaldırılması, onların azaldılmasından ibarətdir. Bu gün dünya daha sülhsevər, daha təhlükəsizlik şəraitində yaşamalıdır. Buna görə, biz hesab edirik ki, bu mövzu tarixdə heç vaxt görünməmiş dərəcədə vacibdir.

ISESCO-nun baş direktoru dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğunu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığını bildirdi və onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurətindən danışdı.

Əbdüləziz bin Osman Əl-Tüveycri münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bu məsələlərin beynəlxalq hüquq və normalar çərçivəsində həllinin vacibliyini vurğuladı. Ümumilikdə böhranların həllinə mədəniyyətlərarası dialoqların töhfə verə biləcəyini əsaslandıran ISESCO-nun baş direktoru dedi:

-Hesab edirik ki, mədəniyyətlərarası dialoq mövzusunda belə bir Forumun keçirilməsi sadə bir tədbir kimi qəbul edilməli deyil. Bu Forum məhz siyasi tədbirlərin görülməsi, bu gün dünyada baş verən qarşıdurmaların aradan qaldırılmasına xidmət etməlidir. Bu, bizim məramımızdır. Bu məram bizim üçün olduqca vacibdir. Biz bunu vaxtında həyata keçirməliyik və dünyada sülhü möhkəmləndirməliyik. Belə bir çətin vəzifə bu Forumun çiyinlərindədir. Hesab edirik ki, biz öz real bacarığımızla, cəsarətimizlə və mübariz olmağımızla bu maneələri aradan qaldıracağıq.

X X X

Sonra BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Foruma təbrik məktubunu baş katibin turizm və sülh üzrə müşaviri Əmr Abdel-QAFFAR oxudu. O dedi:

-İcazə verin, cənab Prezident, baş katibimizin Sizə ünvanlanmış təbrik məktubunu oxuyum. O, Sizin bu səylərinizi, tolerantlıq, dialoq dəyərlərinin təşviq edilməsində apardığınız fəaliyyəti yüksək dəyərləndirir. Bu, xüsusən də geosiyasi mühit, sülhün qorunması baxımından çox vacibdir.

BMT-nin turizmin təşviq edilməsi ilə məşğul olan xüsusi təşkilatı qismində çıxış edən Dünya Turizm Təşkilatı hər zaman bu fikirdə olub: Biz turizmi elə bir formada təşviq etməliyik ki, beynəlxalq inkişafa, sülhə və tərəqqiyə töhfə verək.

Cənab Prezident, Zati-aliləri, xanımlar və cənablar.

Son 10 il ərzində turizm sahəsində çox böyük artım müşahidə olunub. Bu, bizim zəmanəmizin iqtisadiyyatının çox vacib elementlərindən biridir. Bir il ərzində bütün dünyada demək olar ki, bir milyarddan artıq insan turist qismində yerini dəyişir.

Son illər ərzində turizm, hətta deyə bilərik ki, çiçəklənən bir sahə olub, lakin, eyni zamanda, özlüyündə bəzi çətinliklər və təhdidlərlə də üzləşib. Bu da təbii ki, sülh və təhlükəsizliklə bağlı olan təhdidlərdir. Buna görə, bizim beynəlxalq turizmlə bağlı gündəliyimizdə duran məsələlərdən biri davamlı inkişafdır. Biz davamlı inkişafa töhfə verməliyik, mədəniyyətlərarası dialoqa, yanaşmaya və anlaşmaya xidmət etməliyik.

BMT-nin Dünya Turizm Təşkilatı “Bakı prosesi”ni bundan sonra da sıx dəstəkləyəcək.

Bu gün biz bu tədbirdə iştirak edirik. Biz öz fəal rolumuzu oynayacağıq ki, hər hansı toqquşmaların qarşısının alınması mümkün olsun, tolerantlıq və anlaşma xalqlar, dünya dövlətləri arasında təşviq edilsin. Biz Sizinlə birgə işləmək əzmindəyik. Biz görürük və çox gözəl başa düşürük ki, bizim qarşımızda duran məram ümumidir. Biz hamımız çalışırıq ki, daha təhlükəsiz və sülhsevər dünyanı quraq. Sağ olun.

X X X

Daha sonra UNESCO tərəfindən Mədəniyyətlərin yaxınlaşması üzrə beynəlxalq onillik münasibətilə nəşr edilən “Fərqli fikirlərlə razılaşmaq” adlı kitabın təqdimatı oldu.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etdikləri mərasimdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova bu kitabın tolerantlığa, qarşılıqlı hörmət, ləyaqət və mərhəmətə əsaslandığını bildirdi.

“Fərqli olmağa razılaşmaq belə təlatümlü dövrdə zəruridir”, - deyən İrina Bokova bəzən insanlar arasındakı münasibətlərdə yeni texnoloji alətlərdən istifadənin yetərsiz olduğunu dedi, daha çox paylaşmaq və bölüşmək kimi ideyaların bütün cəmiyyətlərdə bərqərar olmasının əhəmiyyətinə toxundu. O, Bakı Forumunun əhəmiyyətini vurğulayaraq UNESCO-nun fəaliyyətinə, BMT-nin Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyində göstərdiyi dəstəyinə görə Azərbaycana təşəkkür edərək dedi:

-Xanımlar və cənablar, inanıram ki, bu gün təşkil edilən bu dünya Forumu çox əhəmiyyətlidir. Bütün fəaliyyətlərimizdə, o cümlədən BMT Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyində göstərdiyi rəhbərlik və dəstəyinə görə Azərbaycan Respublikasına təşəkkür etmək istəyirəm. İnanıram ki, birgə yaşamaq anlayışımızın nöqtələrini birləşdirərək bir-birimizlə necə münasibət quracağımızı görə biləcəyik. Nəşrimizi təqdim etdiyim bu qısa müraciətimdən sonra icazə verin, çox səmimi şəkildə Prezident İlham Əliyevə və Azərbaycana təşəkkür edim.

Cənab Prezident, səhər söylədiyiniz nitq hamımız üçün çox güclü ilham mənbəyi idi. Siz Azərbaycanın qədim tarixi haqqında - ilk məscidlərdən biri, ilk kilsələrdən biri, burada hər zaman sərbəst olan yəhudi cəmiyyətindən danışdınız. Siz tarixdən, bütün bu müxtəliflikdən dərs alaraq müasirliyə doğru gedirsiniz. Düşünürəm ki, bir çox cəmiyyətlər üçün bu günlərdə ən böyük çağırış müasirliklə, dəyişən dünyanın tələbləri ilə ayaqlaşmaqdır. İnanıram ki, irəli getmək üçün keçmişi bilməli və ondan dərslər almalıyıq. Dünyada Azərbaycanın etdiyi kimi keçmişdən dərs alan çox az ölkə var. Təsadüfi deyil ki, biz burada - Bakıda toplaşmışıq. Bakı dünya şəhəridir - həm qədim, həm də çox müasir şəhərdir. Biz UNESCO - irsi qoruyan, irsin mədəniyyətlər arasında dialoq vasitəsi olduğuna inanan təşkilat kimi başqalarının irsini dünya irsi siyahısına yazaraq qiymətləndiririk. Məscidlər, kilsələr, sinaqoqlar, başqa mədəniyyətlərin və xalqların irsini siyahıya əlavə etməklə biz dialoqun mücəssəməsini görürük.

Baş direktor UNESCO-nun Mədəniyyətlərin yaxınlaşması üzrə beynəlxalq onillik münasibətilə nəşr etdirdiyi kitabı Prezident İlham Əliyevə təqdim etdi.

Sonra İrina Bokova qədim kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında komitənin keçən il qəbul etdiyi qərarı Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edərək dedi:

- İstəyirəm Azərbaycanın birinci xanımı, UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri üzrə xoşməramlı səfiri xanım Mehriban Əliyevaya qədim kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında komitənin keçən il qəbul etdiyi qərarı təqdim edim. Yəqin ki, azərbaycanlı qadınları kəlağayı geyərkən görmüsünüz. Biz bununla və xoşməramlı səfirimiz xanım Mehriban Əliyeva ilə çox böyük qürur duyuruq. Əminəm ki, xanım Mehriban Əliyeva bütün Azərbaycan xalqı adından bu sertifikatı almağa layiqdir.

X X X

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında mədəniyyətlərarası dialoqun yayılması üzrə bütün fəaliyyətlərə göstərdiyi dəstəyə və töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Bildirdi ki, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığa, habelə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “Bakı prosesi”nə töhfələr vermiş Forum iştirakçılarına təqdim etmək üçün simvol hazırlanıb.

Əbülfəs Qarayev sülh və mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”nin simvolunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserə, UNESCO-nun baş direktoru İrina Bokovaya, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəniyə, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycriyə və digər şəxslərə təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verildi.

SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
16:02
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixl...

17 noyabr 2018, 16:02
SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
11:05
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikas...

17 noyabr 2018, 11:05
SƏNƏDLƏRQanunlar17 noyabr 2018
10:30
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medalla...

17 noyabr 2018, 10:30
SƏNƏDLƏRFərmanlar16 noyabr 2018
22:39
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD n...

16 noyabr 2018, 22:39
SƏNƏDLƏRQanunlar16 noyabr 2018
22:34
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunverici...

16 noyabr 2018, 22:34
SƏNƏDLƏRSərəncamlar16 noyabr 2018
22:33
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tar...

16 noyabr 2018, 22:33
SƏNƏDLƏRQanunlar16 noyabr 2018
22:28
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbayc...

16 noyabr 2018, 22:28